Yayın ən dadlı və ətirli meyvələrini qışda mürəbbə, sous, keks və tortlarda istifadə etmək üçün dondurmaq ən praktik yoldur. Doğru üsulla dondurulan meyvələr həm dadını qoruyur, həm də bir-birinə yapışmır.
Meyvələrin seçilməsi və hazırlanması üsullarını təqdim edirik:
Şaftalı: Sərt-yetkin olanları seçin. Çox yumşaq şaftalılar dondurulduqda dağıla bilər.
Gavalı: Qabığı gərgin, rəngi canlı və zədələnməmiş olanları seçin.
Moruq və qara tut: Ən kritik nöqtə təravətdir. Əzilməmiş və kifsiz olanları seçməli, dondurmadan əvvəl tamamilə qurutmalısınız.
Saxlama qaydası:
Meyvələri yoxlayın; əzilmiş və ya xarab olmağa başlayanları ayırın.
Meyvələri bol su ilə ehmalca yuyun. Sonra təmiz bir dəsmal üzərinə sərərək tamamilə qurumasını gözləyin (üzərində su qalarsa, dondurucuda buz kristallarının yaranmasına və meyvələrin yapışmasına səbəb olar).
İstifadə məqsədinizə görə meyvələrin qabığını soyun, tumlarını çıxarın və dilimləyin (kiçik meyvələri bütöv saxlaya bilərsiniz).
Meyvələrin bir-birinə yapışmaması üçün bir siniyə yağlı kağız sərin və meyvələri aralı şəkildə düzün. Sinini dondurucuda 2-3 saat saxlayın.
Donmuş meyvələri sinidən çıxarıb dondurucu paketlərinə (ziplock) yerləşdirin. Paketin içindəki havanı bir boru (pipet) vasitəsilə çəkərək vakuum yaradın və ağzını bərk bağlayın.
Paketin üzərinə meyvənin adını və dondurulduğu tarixi qeyd edin. Dondurulmuş meyvələri 8-12 ay müddətində istifadə edə bilərsiniz.
Meyvələri yuduqdan sonra 10-15 dəqiqə açıq havada gözlətmək rütubətin tamamilə getməsinə kömək edir.
Donmuş meyvələri istifadə edərkən çox vaxt onları əritmədən birbaşa kekslərin və ya sousların içinə əlavə etmək daha yaxşı nəticə verir.
Milli.Az