AZ

Media nümayəndələrinin səfəri başlayıb: Oratağ kəndində bərpa işləri təqdim olunub

AĞDƏRƏ, 14 yanvar. TELEQRAF

Prezidentin izi ilə təşkil edilmiş media-tur çərçivəsində jurnalistlərin Ağdərə rayonunun Oratağ kəndinə səfəri başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı jurnalistlərə açıqlamasında bildirib ki, kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev bərpa olunaraq istifadəyə verilib, il ərzində əlavə 60 evin əsaslı təmir və bərpası planlaşdırılır. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb.

Afət Telmanqızı əlavə edib ki, kəndin sosial infrastrukturu da yenilənir: "İki transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, 560 kubmetrlik su anbarları təmizlənib, subartezian quyusu təmir olunub. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunub, sakinlərin istirahəti üçün park salınıb və futbol meydançası yaradılıb".

Qeyd edək ki, işğaldan əvvəl Oratağ kəndinin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olub.

Kənddə məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib.

Aşağı Oratağ 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Seçilən
76
9
teleqraf.com

10Mənbələr