AZ

Bakı və ətraf ərazilərdə dəmiryol nəqliyyatında yeniliklər: yeni stansiyalar və qatar qrafiki - MÜSAHİBƏ

Bakı
Azərbaycanda digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da islahatlar ardıcıl və sürətli şəkildə həyata keçirilir. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı suala cavab verərkən bu sahədə görülən işlərə və qarşıda duran prioritetlərə xüsusi diqqət çəkib.
Nəqliyyat sisteminin əsas istiqamətlərindən biri olan dəmir yolu sahəsində də son illər genişmiqyaslı layihələr reallaşdırılır. Mövcud infrastruktur mərhələli şəkildə yenilənir, yeni dəmir yolu xətləri çəkilir, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması istiqamətində mühüm addımlar atılır. Bu tədbirlər Azərbaycanın regionda nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. 1news.az qeyd olunan məsələlərlə bağlı "Azərbaycan Dəmir Yolları"yə suallar ünvanlayıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev suallarımızı cavablayıb. Müsahibəni təqdim edirik: - Cənab Prezident də yerli media nümayəndələrinə müsahibəsində Bakı-Sumqayıt qatarının əhəmiyyətindən danışdı. Bakıda və ətraf ərazilərdə yeni stansiyaların, dayanacaqların yaradılması nəzərdə tutulurmu? - “Azərbaycan Dəmir Yolları” QSC “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq mövcud sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirir. O cümlədən Abşeron dairəvi dəmiryol marşrutu üzrə dəmiryol xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulur. Sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi məqsədilə Dərnəgül stansiyasında tikinti işləri sürətlə davam etdirilir. Artıq tikinti işlərinin 58 faizi yekunlaşıb. Həmçinin qarşıdakı dövrdə Saray qəsəbəsində qatarlara dayanacaq verilməsi planlaşdırılır. - Bakı–Sumqayıt marşrutu üzrə qatarların hərəkət intervalının azaldılması və reyslərin sayının artırılması ilə hansısa yenilik ola bilərmi? - Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafiki davamlı şəkildə optimallaşdırılır. Ötən ilin aprelindən reyslərin sayı iş günlərində 66-dan 92-yə, sentyabrın 15-dən isə 103-ə çatdırılıb. Qrafikin optimallaşdırılması üzərində davamlı olaraq iş aparılır. Nəzərə almaq lazımdır ki, intervalın azaldılması həm də mövcud qatar parkından asılıdır. - Paytaxtın bir çox ərazilərində istifadəsiz qalan köhnə dəmir yolu xətləri var. Bu xətlərin bərpası həm vaxt, həm də maliyyə baxımından daha səmərəli görünür. ADY-nin bu infrastrukturdan yenidən istifadə etməklə şəhərətrafı dəmir yolu şəbəkəsini genişləndirmək kimi bir hədəfi varmı? - Abşeron dairəvi dəmir yolunda, demək olar, bütün xətlər istifadədədir. Hər hansı dəmiryol xəttində sərnişin qatarının hərəkət etməməsi həmin xəttin istifadəsiz qalması anlamına gəlmir, belə ki, o yollardan yük qatarları istifadə edir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda vaxtilə mövcud olmuş xətlərin, eləcə də hazırda mövcud olan, lakin yalnız yük qatarlarının hərəkət etdiyi bir sıra xətlərin bərpası qeyd edilib. 2026–2028-ci illərdə Bakıxanov–Binə–Qala, 2026–2027-ci illərdə Yeni Suraxanı–Hövsan və 2028–2030-cu illərdə Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur. Sərnişinlərin bu istiqamətlər üzrə mənzil başına rahat, vaxtında və təhlükəsiz çatdırılması üçün qeyd edilən xətlər yenidən qurulmalıdır, müasir tələblərə cavab verməlidir. - ADY-nin son illərdə infrastrukturu yeniləməsi, xüsusilə bölgələrarası əlaqələrin gücləndirilməsi istiqamətində Gəncə–Qəbələ və Gəncə–Mingəçevir kimi yeni marşrutların istifadəyə verilməsi təqdirəlayiqdir. Lakin ictimaiyyətin ən çox gözlədiyi məqam Bakı–Yalama və Bakı–Astara istiqamətləridir. Bu xətlər üzrə sərnişin daşımalarının bərpası nə vaxta planlaşdırılır və hazırda fəaliyyətin başlamasına mane olan nədir? - Hazırda Ələt–Osmanlı–Astara dəmir yolu xəttində əsaslı təmir işləri aparılır. Dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 55%-i, tikinti-quraşdırma işlərinin (Ələt–Osmanlı hissəsi) isə 48%-ə yaxını yerinə yetirilib, Kür çayı üzərində körpünün inşası başa çatıb. Ələt–Osmanlı–Astara xətti üzrə işlərin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır. Həmçinin Sumqayıt–Yalama dəmir yolu xəttində (333.87 km) müvafiq işlər aparılıb, Rusiya ilə sərhəddə yerləşən Yalama stansiyasının təmir-bərpa işləri görülüb. Hər iki xətt Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsinin mühüm seqmentləridir. Bu layihələrin icrası Şimal-Cənub marşrutu üzrə daha böyük tranzit həcmlərinin cəlb olunmasına və daşımaların səmərəliliyinin artırılmasına şərait yaradacaq. - Hər zaman qatarların sürəti müzakirə olunur, bu istiqamətdə 2026-cı ildə hansısa addım atıla bilərmi? Qatarların maksimum sürəti artırıla bilərmi? - Dəmir yollarında beynəlxalq sürət normativlərinə əsasən, sərnişin qatarının orta sürəti 50-90 km/saat təşkil edərsə, bu “sürət qatarı”, 90 km/saatdan yuxarı olduqda isə “sürətli sərnişin qatarı” hesab olunur. Ölkəmizdə istifadə olunan, İsveçrənin “Stadler” şirkətinə məxsus müasir qatarların maksimum sürəti 160 km/saat-dır. Bu sürət rayonlararası marşrutlarda 140 km/saatadək icazə verilən maksimum həddə yaxınlaşır. Abşeron dairəvi üzrə nisbətən az sürət həddinin müəyyənləşdirilməsi təhlükəsizliyə hesablanıb, bu marşrut üzrə xətlərin əhalinin daha sıx məskunlaşdığı yaşayış məntəqələrindən keçməsi, bəzi yerlərdə yaşayış evlərinin dəmir yollarının yaxınlığında yerləşməsi və bu marşrut üzrə stansiyalar arasında məsafənin qısa olması ilə əlaqədardır. Ümumiyyətlə, mühafizə zonalarında inşa olunan qanunsuz tikililər qatarların sürətinə, xidmət keyfiyyətinə təsir göstərir. - Hazırda ən çox tələbat hansı istiqamətlərədir? - Hazırda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə tələbat yüksəkdir. İş günlərində günlük sərnişin sayı 43 minə yaxın təşkil edir. Halbuki bu rəqəm ötən ilin sentyabrına qədər 36 min təşkil edirdi. Ötən il 36 min sərnişin pik saatlarda 140 faiz doluluqla daşınırdısa, hazırda doluluq səviyyəsi 100 faizdir, yəni qatarlarda sıxlıq müəyyən qədər azalıb. Bu göstəriciyə reyslərin sayının artırılması nəticəsində nail olunub. Rayonlararası istiqamətlərdə Bakı–Qazax–Bakı marşrutuna yüksək tələbat var. Qatar hər iki istiqamətdə tam doluluqla hərəkət edir. Adətən həftəsonları və bayram günlərində bu istiqamətdə əlavə reyslər təyin olunur. Həftəsonları və bayram günləri Bakı–Balakən–Bakı marşrutuna da tələbat artır. - Artan tələbatı qarşılamaq üçün yeni sürətli qatarların alınması nəzərdə tutulurmu? - Yuxarıda adıçəkilən Dövlət Proqramında 2030-cu ilədək 20 yeni sərnişin qatarının alınması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdilir. - Azad olunmuş ərazilərdə dəmiryol şəbəkəsinin inkişaf etdirilməsi istiqamətində hansı işlər görülür? İstifadəyə verilmiş marşrutlar üzrə tələbat çoxdur? - ADY Qarabağ və Şərqi Zəngəzurda dəmiryol infrastrukturunun yenidən qurulması işlərini davam etdirir. 2025-ci ildə Bərdə–Ağdam dəmiryol xəttinin inşası başa çatdırılıb. Həmin il mayın 10-da cənab Prezident İlham Əliyev tərəfindən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub. Avqustun 30-da Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına başlanılıb. Bu marşrut üzrə sərnişinlər həmçinin Bərdə, Köçərli stansiyaları və Təzəkənd dayanacağından istifadə edə bilərlər. Hazırda Bərdə–Ağdam xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin inşası aparılır. Bu xətt üzrə layihələndirmə işlərinin 81%-i, tikinti-quraşdırma işlərinin 29%-i yerinə yetirilib. Dəmir yolu xəttinin uzunluğu 28 kilometrdir. Layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) və 124 mühəndis qurğusunun inşası nəzərdə tutulur. Ümumilikdə tikinti işlərinin 2026-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Həmçinin Horadiz–Ağbənd dəmir yolu xəttinin inşası davam etdirilir. Uzunluğu 110,4 km olan dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 85%-i, tikinti-quraşdırma işlərinin isə 70%-i yerinə yetirilib.

Layihə çərçivəsində 8 stansiya, 594 mühəndis qurğusu, o cümlədən 40 ədəd körpü və 4 tunelin tikintisi nəzərdə tutulur.

Seçilən
20
2
1news.az

3Mənbələr