ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Fevralın 6-da Aya ilk pilotlu uçuşun həyata keçirilməsi mümkündür. NASA-nın məlumatına görə, yanvarın 17-də “Artemis II” missiyası üçün nəzərdə tutulan “SLS” raketi və “Orion” kosmik gəmisi uyğun hava və texniki şərait yarandığı halda Kennedi Kosmik Mərkəzinin 39B start meydançasına köçürüləcək.
Reyting.az xəbər verir ki, NASA rəsmiləri hazırlıqların son mərhələyə daxil olduğunu bildirsələr də, hələ bir neçə vacib yoxlamanın aparılacağını vurğulayıblar. Qeyd edilib ki, ekipajın təhlükəsizliyi əsas prioritet olaraq qalır.
Ay missiyası çərçivəsində NASA-nın ən təcrübəli astronavtlarından olan Rid Uayzman, Viktor Qlover, Kristina Kox və ekipajda yer alan kanadalı astronavt Ceremi Hansen 10 günlük uçuşdan sonra Yerə qayıdacaqlar. Bu missiya, eyni zamanda, 1972-ci ildə həyata keçirilmiş “Apollon-17” proqramından sonra insanların Aya ilk uçuşu olacaq.
Start meydançasında əsas mərhələlərdən biri yanacaqla doldurma testidir. Qeyd olunur ki, məhz bu mərhələdə “Artemis I” missiyası zamanı problemlər aşkar edilmiş və uçuş gecikmişdi.

Bütün yoxlamalar tamamlandıqdan sonra NASA Aya uçacaq kosmik gəminin rəsmi start tarixini dəqiq açıqlayacaq.
Planlaşdırıldığı kimi, ilk start pəncərəsi 6 fevral, ehtiyat variant isə 10 aprel tarixlərini əhatə edir. Balistik baxımdan cəmi 15 uyğun günün olduğu bildirilir ki, bu da 6 fevral tarixində uçuşun mümkünlüyünü istisna etmir.
Mütəxəssislərin fikrincə, texniki hazırlıq səviyyəsi və hava şəraiti real start cəhdlərinin sayını daha da azalda bilər.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.