AZ

Yevlaxda hərbi xidmətə yolasalma mərasimi keçirilib

Bakı, 14 yanvar, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Yevlax rayonunda tədbirlər keçirilib.

Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Yevlax rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi olub.

Mərasimdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Dövlət Xidmətinin rəhbər heyəti, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər.

Sonra Yevlax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün KOBİA-nın Aran Regional İnkişaf Mərkəzinin konfrans zalında “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib. Görüşdə Yevlax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev çıxış edərək belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Yevlax rayon şöbəsinin rəisi mayor Samir Rəhimov gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə iştirak edən Vətən müharibəsinin iştirakçıları və şəhid ailələrinin nümayəndələri çıxış edərək təəssüratlarını bölüşüblər.

Seçilən
44
13
azertag.az

10Mənbələr