AZ

Şagird azdır, sual çoxdur: Rayon məktəbləri distant təhsilə hazırdırmı? AÇIQLAMA

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, rayon məktəblərində distant təhsil sınaqdan keçirilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, ölkə üzrə yüzdən çox məktəbdə şagird sayı azdır və bu məktəblərdə distant təhsilə keçid mərhələli şəkildə həyata keçiriləcək.

Onun sözlərinə görə, distant təhsil Lənkəran–Astara regionundakı bir neçə məktəbdə test edilib və ilkin nəticələr qənaətbəxş hesab olunur:

“Hazırda proses pilot layihə kimi test mərhələsindədir”, – deyə V.Yaqublu qeyd edib.

Lakin məsələ ilə bağlı suallar da az deyil. Maraqlıdır, bölgə məktəblərində distant təhsilin uğurla tətbiqi üçün yetərli hazırlıq aparılıbmı?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, hələlik bu qərarı uğurlu hesab etmək çətindir.

Ekspertin sözlərinə görə, distant təhsilə mərhələli keçid açıqlansa da, mərhələlərin məzmunu və mexanizmi barədə ictimaiyyətə konkret məlumat verilməyib:

“Vəfa Yaqublu mərhələli keçiddən danışır, amma həmin mərhələlərin nədən ibarət olduğu açıqlanmır. Təhsillə maraqlanan bir insan kimi mən də bilmək istərdim ki, bu mərhələli sistem necə qurulub. Axı biz hələ distant təhsil barədə kifayət qədər məlumatlı deyilik”.

Elmin Nuri vurğulayıb ki, distant təhsil sadəcə texniki imkanlarla məhdudlaşmır:

“Pandemiya dövründə yaşanan texniki problemlərin bu dəfə təkrarlanmayacağı mümkündür. Amma distant təhsil təkcə monitorun bir tərəfində müəllim, o biri tərəfində şagirdin olması demək deyil. Bu, öz metodikası, pedaqoji yanaşmaları və ciddi elmi əsasları olan bir prosesdir”.

Ekspert bildirib ki, rəqəmsallaşma müasir təhsilin əsas trendlərindən biri olsa da, mahiyyət və hazırlıq məsələləri kölgədə qalır:

“Bu gün müəllimlərimizin neçəsi distant təhsilin necə effektiv təşkil olunmalı olduğunu düşünür? Neçəsi distant təhsildə vaxt bölgüsünün necə qurulacağını planlaşdırır? Bu suallar çox vacibdir və hələ də cavabsızdır”.

Elmin Nuri əlavə edib ki, məsələ təkcə bölgə və şəhər müəllimləri arasında fərqlə bağlı deyil:

“Mən bölgə və şəhər müəllimləri arasında keyfiyyət fərqi qoymaq istəmirəm. Müəllim potensialı hər yerdə var. Amma sual budur: biz distant təhsillə bağlı bölgələrdə nə vaxt sistemli təlimlər keçmişik? Kadrları nə vaxt formalaşdırmışıq ki, indi genişmiqyaslı keçiddən danışırıq? Əvvəlcə bu sualların cavabını tapmalıyıq”.

Lalə Novruz,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
www.bakupost.az

1Mənbələr