AZ

Yas yerindən qayıdan kişi gecəyarısı arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Lənkəranda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 18-də baş verib. 1984-cü il təvəllüdlü Orxan həmin gün gecə saat 3 radələrində yaşadığı fərdi yaşayış evinin mətbəx otağında arvadı Zeynəb (adlar şərtidir – red.) ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib.Orxan Zeynəbin onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı pəncərəni onun sağ əli üzərinə sıxıb, daha sonra yumruqla bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub.Hadisəni törədən Orxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2010-cu ildən dövlət qurumunda liftçi işləyir: “Zərərçəkmiş Zeynəb həyat yoldaşımdır. Onunla 2011-ci ildə ailə həyatı qurmuşam. Həmin nigahdan 1 övladım olub. Həmin övladımın adını Səlim adlandırmışıq. Səlim 1-ci qrup əlildir. Onunla ilk vaxtlar aralmızda münasibətlər yaxşı olsa da, lakin son vaxtlar aramızda münasibətlərimiz yaxşı deyil. Aramızda olan münasibətin pis olmasının səbəbi Zeynəbin həddindən artıq qısqanc olmasıdır”.Orxan qeyd edib ki, hadisədən əvvəl sinif yoldaşının atası rəhmətə getdiyi üçün Bakı şəhərinə yas yerinə gedib: “Axşam saat 19 radələrində yas mərasimindən çıxdım və bir qədər işlərim olduğu üçün, yəni avtomobilimə ehtiyyat hissələri aldığım üçün saat 22 radələrinə qədər Bakı şəhərində oldum. Saat 22 radələrində Bakı şəhərindən çıxaraq Lənkərana yola düşdüm. Bakı şəhərində olan zaman Zeynəbə dəfələrlə Bakı şəhərində olduğumu bildirsəm də, o, mənimlə birlikdə yas mərasimində olan dostum Familə zəng edərək, mənimlə birlikdə olub-olmadığını soruşdu. Zeynəbin bu hərəkəti mənə pis təsir etdi”. Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 18-də, gecə saat 2 radələrində evinə gəlib və Zeynəbdən onun dostu Familin nömrəsini haradan əldə etdiyini soruşub: “Bu zaman Zeynəb mənə cavab vermədi. Zeynəbin Familin nömrəsini haradan əldə etməsini araşdırmaq üçün telefonunu stolun üzərindən götürdüm və yoxlamağa başladım. Bu zaman Zeynəb əsəbləşərək mənimlə münaqişə etməyə başladı və mənə qarşı nalayiq ifadə işlətdi. Sonra isə pəncərəni açaraq qışqırmaq istədi. Bu vaxt Zeynəbin əli pəncərənin arasında olub. Mən də əsəbləşərək qəsdən pəncərəni Zeynəbin sağ əli üzərinə bağladım. O, sol əlindən xəsarət aldı. Mən əsəbi olduğum üçün yumruqla onun qol nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurdum”. Lənkəran Şəhər Məhkəməsinin hökmü ilə Orxan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi, Həmçinin Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməsi qadağan olunub. Bundan əlavə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Bundan başqa, onu cəzaçəkmə müddəti ərzində kütləvi və digər tədbirləri təşkil etmək və belə tədbirlərdə iştirak etmək qadağan olunub. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
demokrat.az

2Mənbələr