AZ

Təhsildə "Nuhun gəmisi" və innovativ dəlləklərin təraşı



Gəl, əziz oxucu, gəl bizim bu "möcüzələr adası"na bənzəyən təhsilimizə bir ekspert-yazıçı gözü ilə seyr edək. Əgər hələ də övladının çantasının ağırlığı altında qalıb "təhsil qəzası" keçirməmisənsə, deməli, sən də bu macəranın ən dözümlü qəhrəmanlarından birisən. Bizim təhsil sistemimiz hazırda okeanın ortasında həm "Titanik", həm də sıravi qayıq olmaq istəyən qəribə bir gəmiyə bənzəyir. Gəminin sükanı arxasında oturan "innovativ" gəmiçilərimiz isə elə bil Nuhun gəmisindən yox, birbaşa şəhər yarmarkasından gəliblər. Bu gəmidə hər peşədən adam var – halvaçıdan zurnaçıya, şərabçıdan nar şirəsi çəkənə qədər hər kəs yığışıb, bircə müəllimdən başqa. Sükan arxasındakı kapitanın əsl ixtisası dənizdə barja sürmək olsa da, indi təhsilin "strateji istiqamətini" müəyyən edir; yəqin elə bilir ki, məktəb binası bir yük gəmisidir, uşaqlar da harasa çatdırılmalı olan bağlamalar.

Gəminin altı deşikdir, içəri su dolur, müəllimlər isə əllərindəki sındırılmış tabaşirlərlə o suyu boşaltmağa çalışırlar, amma yuxarıdan gələn nida səsləri hər şeyi batırır: "Tam sürətlə rəqəmsallaşmaya!" Nazirlikdəki dostlarımız elə bilirlər ki, hər məktəbə bir dənə "smart-lövhə" qoymaqla məsələ bitir. Amma o lövhənin qabağında duran yazıq müəllim "70-ci maddə" gilyotininin kölgəsində elə bir qorxu içindədir ki, "iki üstəgəl iki" yazanda da əli əsir – birdən yuxarıdan ixtisasca hüquqşünas olan bir "ekspert" zəng edər ki, "niyə rəqəmi nazirliyin şrifti ilə yazmamısan?" O hüquqşünas ki, elə bilir şagirdə düstur yox, ancaq maddə oxumaq lazımdır. Yanındakı iqtisadçı isə uşağın beynini yox, onun "maya dəyərini" və dövlət büdcəsinə neçəyə başa gəldiyini hesablayır.

Dərsliklərimiz isə tam bir Şumer şifrəsi və zaman yolçuluğudur. Tarix kitabının bir səhifəsində bir xalqın qəhrəmanlığından danışan uşaq, on səhifə sonra öyrənir ki, sən demə, o vaxt heç o xalq orada olmayıbmış. Riyaziyyat isə artıq real həyatın özüdür: əgər bir məktəbin damı on ildir damırsa və nazirlik bura təmir üçün yüz min manat ayırıbsa, RTİ müdirinin yeni aldığı maşının markasını və silindir həcmini tapın! Bu riyazi tapmacaların içində bir də baxırsan ki, dərsliklərin "şirinliyini" tənzimləmək üçün oraya bir şəkər tozu satanı, dərsin "ruhunu" yüksəltmək üçün isə bir şərabçını təyin ediblər. Nar şirəsi çəkən isə məktəb büdcəsinin şirəsini elə sıxır ki, ortada ancaq cecə qalır.

Bu "rəngarəng" sirkdə ən sevimli oyuncaq isə "Qrant" adlı sehrli çubuqdur. Baxırsan ki, bir məktəbə əlli min manat qrant verilib: "Şagirdlərin emosional intellektinin kosmik rəqslər vasitəsilə inkişafı". Gedib baxırsan, məktəbdə ayaqyolu yoxdur, uşaqlar soyuqdan titrəyir, laboratoriyada ən yeni eksponat səksəninci illərdən qalma paslı sınaq şüşəsidir, amma kağız üzərində hamısı kosmik rəqs edir. Hesabatda isə beş yüz nəfərin iştirakı ilə rəngli "selfie"lər var. Pul getdi, şəkil qaldı, uşaqlar isə hələ də o virtual muzeyin soyuq divarları arasında emosional şəkildə donurlar.

Müəllim isə bu sirkdə artıq pedaqoq deyil, nazirliyin piar maraqlarına xidmət edən bir "SMM meneceri"dir. Yazıq müəllim dərsə girəndə artıq "Salam, uşaqlar" demir, "Tez durun, nazirlik üçün şəkil çəkdiririk, hamı gülsün!" deyir. Müəllimin işi artıq öyrətmək deyil, hələ də sağ olduğunu və maaşının yarısını "könüllü-məcburi" şəkildə rəhbərliyin ziyafətlər və tədbirlər fonduna köçürdüyünü sübut etməkdir. Pedaqogikadan bixəbər olan bu dəlləklər, ömrünü sinifdə şam kimi əridən müəllimə metodika dərsi keçəndə, adam bilmir gülsün, yoxsa təhsilin "yeddisi" üçün halvaçıya halva sifariş versin.
Nəticədə, təhsilimiz bir böyük "kokteyl"ə bənzəyir: içində hüquq var, şərab var, gəmiçilik var, şəkər tozu var, bir az da hərbi nizam-intizam... Bircə keyfiyyətli təhsil yoxdur. Gülürük, çünki bu mənzərə o qədər absurddur ki, başqa yolumuz yoxdur. Amma ağlayırıq, çünki o ağır çantaların altında qalan bizim gələcəyimizdir. Bu idarəçilik sistemi ilə, yoldan keçən hər "şirəçinin" və "gəmiçinin" dəlləklik etdiyi bu məktəbdən uşaq "sağ-salamat" və savadlı çıxırsa, deməli, o uşaq həqiqətən dahidir! Çünki bu qədər "innovativ" zərbənin qarşısında duruş gətirmək hər oğulun işi deyil.

P.S. və ya müəllifdən son qeyd:
Əziz valideynlər və hələ də ağlını itirməyən müəllimlər!
Əgər bu yazını oxuyub bitirdinizsə, dərhal gedib övladınızın çantasını bir daha yoxlayın. Birdən içindən riyaziyyat dəftəri əvəzinə gəmi lövbəri, şərab süzgəci və ya halva resepti çıxar – qətiyyən təəccüblənməyin! Bu, nazirliyin "Həyata hazırlıq" adlı yeni, gizli və olduqca "inteqrasiya olunmuş" innovativ proqramıdır.

Yaxın gələcəkdə Təhsil Nazirliyi tərəfindən yeni vakansiyaların elan olunacağı gözlənilir: "Kosmonavtlar, dalğıclar və peşəkar fokusçular axtarılır". Çünki iqtisadçılar pulu, gəmiçilər yolu, hüquqşünaslar maddəni, şərabçılar isə şərabı son qurtumuna qədər içib məst olandan sonra, təhsili ya yerin altında, ya suyun dibində, ya da göyün yeddinci qatında axtarmaqdan başqa çarəmiz qalmayıb.

Və unutmayın ki, bizim təhsil sistemimizdə ən böyük müvəffəqiyyət qızıl medal və ya yüksək bal toplamaq deyil. Əsl müvəffəqiyyət — bu qədər gəmiçinin, şirəçinin və dəlləyin əlindən keçib, ağlı-başında, ruhu salamat və "müəllim" sözünə nifrət etmədən o sistemdən çıxa bilməkdir. Bu isə, inanın ki, dünyanın istənilən beynəlxalq olimpiada qələbəsindən daha böyük qəhrəmanlıqdır.

Ekspertdən son məsləhət: Əgər uşaq evə gəlib "Ata, dərsimizdə gəmi sükanı ilə şəkər tozu arasında kross-kurikulum əlaqəsi qurduq" desə, ona sual verməyin. Sadəcə qucaqlayın və dua edin ki, gələn həftə nazirliyə "zurnaçılar" və "kəndirbazlar" gəlməsin.





Seçilən
20
aia.az

1Mənbələr