Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda olub.
Modern.az xəbər verir ki, institutun direktoru Adil Allahverdiyev qonaqları salamlayaraq rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin fəaliyyəti, əsas elmi istiqamətləri, aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
O, tibbi profilaktika sahəsində elmi yanaşmaların əhəmiyyətini vurğulayaraq bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
BMU-nun rektoru Yaqub Piriyev universitetdə həyata keçirilən elmi-tədqiqat işləri, innovasiya yönümlü layihələr və kadr hazırlığı sahəsində görülən işlər haqqında danışıb. Rektor ali təhsil və elmi-tədqiqat institutları arasında əməkdaşlığın həm elmi potensialın artırılmasına, həm də praktik nəticələrin əldə olunmasına mühüm töhfə verdiyini deyib.
Görüş zamanı BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında ötən il imzalanmış memorandumun əhəmiyyəti vurğulanaraq, sənəddə nəzərdə tutulan istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsinin vacibliyi bildirilib. Eyni zamanda səhiyyə və təhsil sahələri arasında elmi əməkdaşlıq imkanları, birgə tədqiqatların aparılması, elmi potensialın qarşılıqlı şəkildə gücləndirilməsi məsələləri müzakirə edilib.
BMU nümayəndə heyəti institutun maddi-texniki bazası, xüsusilə müasir tələblərə cavab verən laboratoriyaları ilə də yaxından tanış olub. Tanışlıq zamanı laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, profilaktik tibb sahəsində həyata keçirilən layihələr və əldə edilən nəticələr barədə ətraflı informasiyalar təqdim olunub.