Bu ildən etibarən ictimai iaşə sektorunda fəaliyyət göstərən əlavə dəyər vergisi (ƏDV) ödəyiciləri göstərdikləri xidmətə görə aldıqları ƏDV-nin yalnız 50%-ni dövlət büdcəsinə ödəyəcəklər. Bu məqam Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə əksini tapıb.
Bununla bağlı vergi eksperti Anar Bayramov açıqlama verib.
Onun sözlərinə görə, səhiyyə sektorundan sonra ictimai iaşə müəssisələri də ƏDV güzəştindən yararlanacaqlar: “Səhiyyə sektorunun tənzimlənməsi məqsədilə 2024-cü ildə Vergi Məcəlləsində ƏDV ilə bağlı dəyişiklik edildi. Məsələn, özəl tibb fəaliyyəti ilə məşğul olan fiziki şəxs müştərisinə 1.000 manatlıq xidmət göstərib və 180 manat ƏDV tətbiq edib. Müştəridən ümumilikdə 1.180 manat vəsait alındığı halda, dövlət büdcəsinə ƏDV-ni bəyan edərkən 90 manat qeyd edir. Yəni müştəridən aldığı 18%-lik ƏDV məbləğinin yalnız 50%-ni büdcəyə ödəyir. Belə vergi güzəştləri artıq öz bəhrəsini verməkdədir. Səhiyyə sektorunda apardığımız analizlər, audit yoxlamaları zamanı ötən illərlə müqayisədə dövriyyələrin ciddi şəkildə şəffaflaşmasını müşahidə edirik”.
Artıq bu yanaşmanın ictimai iaşə sektoruna da şamil edildiyini deyən ekspert dəyişikliyin ƏDV vergi rejimi ilə çalışan müəssisələrin dövriyyələrinin şəffaflaşmasına ciddi təsir edəcəyini bildirib: “İctimai iaşə sektorunda ƏDV ödəyicisi olarsa, ay ərzində satışlar zamanı müştərilərdən 18% dərəcə ilə ƏDV-ni alacaq, amma dövlət büdcəsinə onun 50%-ni ödəyəcək. Bu da vergi ödəyicilərinin ƏDV vergi rejimindən yayınmamalarını stimullaşdıracaq. Qanunvericilikdə belə bir yenilik mütərəqqi və şəffaflaşmaya təkan verən dəyişikliklərdən biri kimi qiymətləndirilir”.
İctimai iaşə sektoruna aid olan digər bir dəyişiklik sadələşdirilmiş vergi dərəcələri ilə bağlıdır. A.Bayramov bildirib ki, ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri 2026-cı il yanvarın 1-dən 3 il müddətinə əhaliyə xidmət üzrə nağdsız dövriyyələrdən 8% deyil, 6% dərəcəsi ilə sadələşdirilmiş vergiyə cəlb olunacaq.
Bunun əsas şərti isə xidmət haqqının nəzarət-kassa aparatına (NKA) inteqrasiya olunan POS-terminal vasitəsilə qəbul edilməsidir: “Tutaq ki, I rübdə vergi ödəyicisinin 30.000 manatlıq dövriyyəsi olub. Bunun 10.000 manatı nağd qaydada, 20.000 manatı isə nağdsız qaydada qəbul edilib. 1 yanvar 2026-cı ilə qədər sadələşdirilmiş vergi bəyannaməsi verəndə 30.000 manat məbləğ tam şəkildə 8%-lə vergiyə cəlb edilirdi və 2.400 manat vergi ödəyirdi. Artıq dəyişiklikdən sonra həmin məbləğin 10.000 manatlıq hissəsi 8%, 20.000 manatlıq hissəsi isə POS-terminalla qəbul edildiyi üçün 6% dərəcəsi ilə vergiyə cəlb olunacaq. Vergi hesabatında da bunlar ayrıca sətirlərdə göstəriləcək”.
Ekspert vurğulayıb ki, həmin güzəştdən faydalanmaq üçün POS-terminalla NKA inteqrasiya olunmalı, yəni daxilində kassa aparatı olan POS-terminallardan istifadə edilməlidir. Digər hallarda qəbul edilən nağdsız ödənişlərə vergi güzəşti şamil edilməyəcək.