"Football-plus.az" xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi təlim-məşq toplanışının ilk günlərindən, Azərbaycan futbolu haqqında məlumatlarından və komandanın keçmiş kapitanı Dodo ilə tanışlığından danışıb:
“İlk olaraq komanda və buradakı infrastrukturu qeyd edə bilərəm. Gördüyüm qədərilə Qəbələdə infrastruktur çox yaxşıdı. Xəstələndiyim üçün komanda ilə oyunlara tam hazırlaşmasam da, bu cür şəraitdə yaxşı performans göstərmək mümkündü”.
Təcrübəli futbolçu “Qəbələ”yə gəlməmişdən öncə komandanın oyunlarını izlədiyini bildirib:
“Azərbaycan futbolu barədə məlumatım var idi. "Qarabağ"ın demək olar ki, Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam. ‘Qəbələ’ haqqında da məlumatlı idim. Çünki mənim dostum, eyni zamanda komandamızın əfsanəsi olan Dodo vaxtilə burada oynayıb. Onunla Latviyanın "Liepaya" klubunda bir yerdə çıxış etmişik. Dodo "Qəbələ" haqqında mənə çox danışıb. Komandanın bir neçə oyununu da izləmişəm. Zənnimcə, çox maraqlı komandadı. Düzü, "Qəbələ"dən təklif gəldikdə bunu Dodoyla müzakirə etmədim. Çünki o, əvvəlcədən mənə "Qəbələ" haqqında çox şey danışmışdı. Həmçinin Dodonun "Qəbələ"nin heyətində avrokuboklarda çıxış etdiyi oyunlara da baxmışam. İlk təəssüratım bu oldu ki, çox yaxşı komandadı. Buna görə də əlavə məlumata ehtiyacım yox idi. Həmçinin futbolçu olaraq gedəcəyim komanda barədə çox soruşmağı xoşlamıram. Əsas odu ki, həmin klubdaözüm yaxşı təəssüratı yaradım”.
Keyta sonda “Qəbələ” azarkeşlərinə müraciət edib:
“Azarkeşlərə sözüm odu ki, komandaya dəstək olsunlar. Hazırda "Qəbələ" çətin vəziyyətdədi. Buna görə də onların dəstəyinə xüsusilə ehtiyac var. Söz verə bilərəm ki, hər şey yaxşı olacaq. Əlimizdən gələnin ən yaxşısını etmək üçün burdayıq. Ümid edirəm ki, hamımız birlikdə yaxşı nəticə qazana bilərik”.