Belarus mətbuatı “Neftçi”nin erməniəsilli futbolçu Karen Vardanyanın Bakı klubunun transfer siyahısında yer alması barədə xəbər yayıb.
Ölkə.Az-ın məlumatına görə, bu barədə jurnalist Səbuhi Musa bildirib.
İddiaya əsasən, “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Belarus millisinin forvardını sərəncamında görmək niyyətindədir.
Vardanyan 2025-ci il mövsümündə bütün turnirlərdə 35 oyuna çıxıb, 10 qolla “Dinamo”nun ən məhsuldar oyunçusu olub.
“Neftçi“nin media üzrə koordinatoru Rüstəm Əfsərli yayılan informasiya ilə bağlı Sportinfo.az-a açıqlama verib, qeyd olunan iddianı absurd adlandırıb: "Ümumiyyətlə, son vaxtlar müxtəlif mənbələrdə, xüsusən Ukrayna və Belarus mətbuatında "Neftçi" ilə bağlı çox adlar çəkilir. Bunların heç birinin həqiqətlə yaxından və uzaqdan əlaqəsi yoxdur. Azarkeşlərimiz bu cür informasiyalara inanmasınlar. Bu transfer xəbərləri bəzən əsassız, bəzən absurd xarakter daşıyır. "Neftçi"nin adına layiq olmayan, kluba yaraşmayan futbolçuların adları çəkilir. Bu həmin xəbərləri yayanların şəxsi məqsədləri üçündür".