AZ

Bakı və Abşeron üçün su məsələsində yeni mərhələ başlayır – Tənzilə Rüstəmxanlı yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə təkcə kommunal təsərrüfatın növbəti yenilənməsi kimi deyil, ölkənin su təhlükəsizliyi və şəhər dayanıqlığı baxımından yeni mərhələnin başlanğıcıdır. Təəssüf ki, uzun illərdir ki, Bakı və Abşeron yarımadasının içməli su problemləri ciddi problemə çevrilib. Bu da genişmiqyaslı və müfəssəl Dövlət Proqramının qəbul edilməsini tələb edirdi.

media-whatsapp-image-2025-11-25-at-14-11-55

Müşavirədən dərhal sonra ölkə başçısının müvafiq Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. Qəbul edilən Proqramın icrası ilə bağlı dərhal müvafiq tapşırıqların verilməsi dövlət başçısı tərəfindən bu işlərə olan diqqətin təzahürü kimi qiymətləndirilməlidir.

Proqramın əsas ideyası sadə, amma nəticəsi böyükdür: Bakı şəhəri, onun qəsəbələri, Sumqayıt və Abşeron rayonunu dayanıqlı, fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək, eyni zamanda tullantı sularının təmizlənməsini, kanalizasiya şəbəkələrinin genişləndirilməsini və leysan sularının idarə olunmasını yeni standartlara qaldırmaq.

Ən diqqətçəkən yeniliklərdən biri Abşeron yarımadası üçün duzsuzlaşdırma zavodunun tikintisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə ilk dəfə ölkədə həyata keçiriləcək və sırf xarici investisiyalar hesabına icra olunacaq. Dəniz suyunun duzsuzlaşdırılması həm Bakıya daxil olan su həcmini artıracaq, həm də suvarma üçün əlavə mənbə yaradacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı su təhlükəsizliyinin artıq Azərbaycanda milli təhlükəsizlik doktrinasının ayrılmaz tərkib hissəsi olduğunu aydın şəkildə ortaya qoyur. Yanvarın 12-də keçirilən müşavirə və ardınca müvafiq proqramın təsdiqlənməsi dövlət başçısının bu sahədə sürətli qərarvermə, sistemli planlama və icraya yönəlik siyasi iradəsini nümayiş etdirir.

Prezident İlham Əliyevin son beş ildə həyata keçirdiyi infrastruktur layihələri üzərində qurulan bu proqram göstərir ki, Azərbaycan susuzluq probleminə qarşı qabaqlayıcı və uzunmüddətli strategiya ilə hərəkət edir.

Nəticə etibarilə, 2026–2035 Dövlət Proqramı əhalinin rifahını prioritet istiqamət kimi müəyyən edən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun və regional miqyasda Azərbaycanı su təhlükəsizliyi nümunəsinə çevirən fundamental strateji sənəd kimi tarixə düşəcək.

Seçilən
15
2
interpress.az

3Mənbələr