AZ

Keçmiş “xan” doğum gününü qeyd edir...

Bu gün – yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri (1995-2022) Vasif Talıbovun doğum günüdür. 27 il ərzində Muxtar Respublikanı sərt qaydalarla idarə etmiş Talıbov 66 yaşını Naxçıvanda, evində qeyd edir. 

Bu tarixi vəzifədə olduğu illərdə az qala Naxçıvanın bütün məmur korpusu yada salıb qeyd edirdisə, indi yalnız Vasif müəllimin oğlu Rza Talıbov “Facebook”-da atası haqda paylaşım edib. Onun “Əziz atam, ad günün mübarək”, təbrikinə qoşulanların sayında əvvəlki illərlə müqayisədə kəskin azalma var.

2022-ci ildə onun NMR Ali Məclisinin sədrliyindən istefaya göndərilməsindən sonra bölgədə ciddi dəyişikliklər baş verib. Onun qurduğu qohum-tayfa prinsiplərinə əsaslanan korrupsiyalaşmış sistem dağıdılıb, piramidanın əsas fiqurları vəzifədən götürlərək məsuliyyətə cəlb edilib. İctimailəşən məlumatlara görə, Muxtar Respublikanın bütün gəlirli sahələri Talıbovların nəzarətində olub və il ərzində yüz milyonlarla manat gəlir əldə edilib. Təkcə gömrük, vergi, hüquq-mühafizə orqanları vasitəsi ilə toplanan xəracların həcmi illik yarım milyard manatı ötüb.

İstefasından ötən 3 il ərzində Vasif Talıbovun biznes imperiyası çökdürülüb, onun nəzarətində olan bank, biznes şəbəkəsi, habelə dövlət vəsaitlərinin ailə təsərrüfatlarına axınını təşkil edən digər strukturlar dağıdılıb. Məlum olub ki, Talıbovlar təkcə Naxçıvanda deyil, Bakıda və ölkənin başqa bölgələrində, eləcə də Türkiyədə, Gürcüstanda, ərəb ölkələrində dəyəri yüz milyonlarla dollar olan əmlaka və şirkətlərə sahibdirlər. Korrupsiya yolu ilə toplanmış sərvətin taleyi ilə bağlı səhih məlumatlar əldə etmək mümkün deyil.

Talıbov haqqında ictimaiyyəti maraqlandıran suallardan biri onun vəzifədə olduğu dövrdə yol verdiyi qeyri-qanuni əməllərə görə məsuliyyətə cəlb edilib-edilməməsidir. Çünki həbs edilən yüksək vəzifəli məmurlar korrupsiya cinayətlərini bilavasitə Naxçıvan “xanının” göstərişi ilə törətdiklərini, yığılan milyonların ona və övladlarına ötürüldüyünü etiraf ediblər.

Bundan başqa Vasif Talıbovun özündən və yaxınlarından hüquq-mühafizə orqanlarına çoxlu sayda şikayətlər edilib. Vətəndaşlar Talıbovun “xanlığı” dövründə üzləşdikləri qanunsuzluq və özbaşınalıqlar barədə müraciət edib ədalətin təmin olunmasını tələb ediblər. Çünki Talıbovlar yüzlərlə naxçıvanlının əmlakını əlindən alıb, biznesini çökdürüb, onların həbs olunmasını, doğma yurdlarından didərgin düşməsini təşkil edib. “AzPolitika”ya daxil olan məlumata görə, son 3 ildə aidiyyatı dövlət qurumlarına bu qanunsuz əməlləri əhatə edən 7 mindən artıq şikayət ünvanlanıb. Onun hazırda Naxçıvanı tərk etməsi yasaqdır, cəmi bir-iki dəfə səhhəti ilə bağlı Türkiyəyə səfər etməyə icazə alıb. Onun Bakıya-övladlarının yanına gediş-gəlişi də xüsusi icazə ilə baş tutur. /Azpolitika.info


Telegram kanalımız
Seçilən
34
1
yenisabah.az

2Mənbələr