AZ

Azərbaycan və Əlcəzair arasındakı elmi əlaqələr genişlənir

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu beynəlxalq elmi əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir. Bu elm mərkəzinin son aylarda Əlcəzairin elmi müəssisələri, alimləri ilə münasibətlərində mühüm addımlar atılması da bu qəbildəndir. Ötən ay əlcəzairli alim, Konstantin Universitetinin baş müəllimi, Məğrib İslam Sivilizasiyası üzrə Tədqiqatlar Laboratoriyasının müdiri tarix elmləri doktoru Hüseyn Bubidi, həmin universitetin müəllimləri - tarix elmləri doktorları Həmzə Qadiri və Murad Bileydi Şərqşünaslıq İnstitutunda olublar. H.Bubidi Bakı səfəri ilə bağlı ölkəsinin nüfuzlu “Şüruq” qəzetində geniş məqalə dərc etdirərək, Azərbaycanda şərqşünaslıq elminin inkişafını, ərəbşünaslıq sahəsində mühüm elmi tədqiqatların aparıldığını vurğulayıb.

Bu günlərdə isə H.Bubidinin Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevlə birgə yazdığı "Əlcəzair və Azərbaycan arasında elmi əlaqələr: tarixi köklər və müasir perspektivlər" adlı məqaləsi ərəb dilində eyni nəşrdə Əlcəzair ictimaiyyətinə çatdırılıb. Məqalə, həmçinin elektron variantda da nəşrin saytında geniş oxucu kütləsinə təqdim olunub.

Məqalədə Azərbaycanla Əlcəzair arasında mədəni, elmi və tarixi əlaqələrə, o cümlədən İslam sivilizasiyasının hər iki xalqın təşəkkülündəki və mədəni proseslərinin inkişafındakı roluna toxunulub, həmçinin nümunələr gətirməklə orta əsrlərdə həm əlcəzairli alimlərin əsərlərinin Azərbaycanda, azərbaycanlı alimlərin əsərlərinin isə Əlcəzairdə istifadə olunduğu qeyd edilib.

Məqalədə, həmçinin Şərqşünaslıq İnstitutunda Yaxın Şərq ölkələrinin, ələlxüsus ərəb dövlətlərinin tarixi, ədəbiyyatı, dili, din və ictimai fikri sahəsində aparılan elmi tədqiqatlar, bu sahədə görülən işlər haqqında ətrafı məlumat verilib. Bundan əlavə, Azərbaycan ilə ərəb ölkələri arasında elmi, mədəni və ictimai əlaqələrin qurulmasından, gələcək illərdə bu əlaqələrin inkişaf etdirilməsində institutun böyük imkanlarından və perspektivlərindən bəhs olunub.

Seçilən
19
1
tehsil.biz

2Mənbələr