Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.
Prezident İlham Əliyevin yanvarın 5-də media nümayəndələrinə verdiyi müsahibə təkcə cari siyasi proseslərin deyil, eyni zamanda milli kimlik və ideoloji təhlükəsizlik məsələlərinin də geniş təhlili ilə yadda qaldı. Dövlət başçısının Qarabağ, Şərqi Zəngəzur və Azərbaycan tarixinin təhrifinə qarşı çağırışları fonunda səsləndirdiyi fikirlərdən biri isə xüsusilə diqqət çəkdi: Azərbaycan ədəbi dilinin saflığının qorunması.
Bu mövzu Prezidentin çıxışlarında yeni deyil. O, hələ 10 il əvvəl AMEA-nın yubileyində Azərbaycan dili ilə bağlı narahatlığını açıq şəkildə ifadə etmişdi. Aradan keçən onillik ərzində müəyyən institusional və praktiki addımlar atılsa da, dövlət başçısının son müsahibəsində vurğuladığı kimi, mövcud vəziyyət onu hələ də tam qane etmir. Bu isə dil məsələsinin Prezident üçün sadəcə mədəni yox, strateji dövlətçilik problemi olduğunu göstərir.
Prezident İlham Əliyevin yanaşmasında dil ilk növbədə milləti birləşdirən əsas sütun, dövlətçiliyin isə ayrılmaz atributudur. Onun sözlərində açıq mesaj var: əgər bir xalq öz ana dilini qorumağı bacarmırsa, zamanla milli kimliyini də itirə bilər. Bu yanaşma xüsusilə qloballaşma, informasiya axınının sürətlənməsi və internet mədəniyyətinin dilə təsiri fonunda daha aktual səslənir.
Dövlət başçısı diqqəti əsasən iki təhlükəyə yönəldir. Birincisi, xarici kəlmələrin ehtiyac olmadan Azərbaycan dilinə yeridilməsi, ikincisi isə dilin tədricən ədəbi normadan çıxmasıdır. Prezidentin fikrincə, beynəlxalq terminlərin işlədilməsi qaçılmazdır, lakin Azərbaycan dilində qarşılığı olan sözləri bilərəkdən xarici kəlmələrlə əvəzləmək ya bilməyərəkdən, ya da məqsədli şəkildə edilir. Hər iki hal qəbuledilməzdir.
Müsahibədə xüsusilə vurğulanan məqamlardan biri də Azərbaycan dilinin qoruyucusunun məhz müstəqil Azərbaycan dövləti olmasıdır. Dünyada 50 milyondan artıq insan üçün ana dili olan Azərbaycan dili müxtəlif coğrafiyalarda fərqli təsirlərə məruz qalır. Prezidentin qeyd etdiyi kimi, bəzi ölkələrdə yaşayan azərbaycanlılar arasında ədəbi dil zəifləyir, gündəlik danışıqda yad leksika üstünlük təşkil edir. Bu isə uzunmüddətli perspektivdə milli-mədəni bağların zəifləməsi riskini yaradır.
Bu kontekstdə dövlət başçısı yalnız tənqid etmir, həm də yol göstərir. Xaricdə yaşayan azərbaycanlıların ana dilini mükəmməl öyrənməsi üçün onlayn məktəblərin, distant tədris imkanlarının genişləndirilməsi, dilin sistemli şəkildə öyrədilməsi Prezidentin diqqət mərkəzində olan məsələlərdəndir. Bu, dil siyasətinə yalnız mədəni deyil, həm də texnoloji yanaşmanın tətbiq edildiyini göstərir.
Prezident İlham Əliyevin yanaşmasının fərqləndirici cəhəti odur ki, o, dilin qorunmasını yalnız dövlət qurumlarının işi hesab etmir. Onun çağırışı cəmiyyətin bütün təbəqələrinə ünvanlanır: alimlərə, dilçilərə, yazıçılara, jurnalistlərə, siyasətçilərə və ictimai fəallara. Xüsusilə media və ictimai çıxış sahiblərinin məsuliyyəti ön plana çəkilir. Çünki dilin gündəlik istifadədə necə təqdim olunması cəmiyyətin dil davranışını birbaşa formalaşdırır.
Əslində Prezidentin bu mövqeyi daha geniş ideoloji çərçivəyə oturur. Qarabağ və Şərqi Zəngəzurla bağlı tarixi həqiqətlərin müdafiəsi, toponimlərin qorunması, milli yaddaşın bərpası ilə dil məsələsi bir-birini tamamlayan elementlərdir. Tarix təhrif ediləndə olduğu kimi, dil zəiflədikdə də milli mövqelər sarsılır. Bu baxımdan dilin saflığı uğrunda mübarizə eyni zamanda milli informasiya təhlükəsizliyinin bir hissəsidir.
Prezident İlham Əliyevin mesajı aydındır: Azərbaycan dili zəngindir, qədimdir və özünü ifadə etmək üçün yad elementlərə möhtac deyil. Onu qorumaq isə təkcə qanun və sərəncamlarla yox, ictimai şüur, məsuliyyət və şəxsi davranışla mümkündür. Dilə biganə münasibət milli kimliyə biganəlik deməkdir.
Bu müsahibə bir daha göstərdi ki, dövlət başçısı üçün dil məsələsi epizodik yox, davamlı nəzarətdə saxlanılan strateji mövzudur. Prezidentin sözləri həm xəbərdarlıq, həm də çağırışdır: dilimizi qorumasaq, özümüzü qoruya bilmərik.
Modern Təhlil və Araşdırma Qrupu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.