AZ

“Google”da valideyn nəzarəti qaydaları sərtləşdirilib  

“Google” ailə nəzarəti mexanizmi ilə bağlı yeni yanaşmasını elan edib. Şirkətin açıqlamasına əsasən, artıq “Family Link” vasitəsilə izlənilən uşaqlar 13 yaşına çatdıqdan sonra hesab üzərində tətbiq olunan məhdudiyyətləri özbaşına aradan qaldıra bilməyəcəklər.

Əvvəlki qaydalara görə, 13 yaş həddinə çatan istifadəçilər valideyn nəzarətini şəxsi qərarları ilə deaktiv etmək imkanına malik idilər. Yenilənmiş siyasətə əsasən isə gəncin hesabını tam müstəqil şəkildə idarə etməsi yalnız valideynin açıq icazəsi ilə mümkün olacaq. “Google”dan bildirilib ki, bu yenilik artıq cari həftədən etibarən bütün dünyada tətbiq olunmağa başlayır.

Şirkətin məxfilik və təhlükəsizlik sahəsində qlobal rəhbəri Kate Charlet vurğulayıb ki, bu dəyişiklik həm valideynin, həm də yeniyetmənin özlərini hazır hiss etdiyi vaxta qədər qoruyucu mexanizmlərin aktiv qalmasına şərait yaradır. Onun fikrincə, əsas hədəf uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini daha düşünülmüş və məsuliyyətli şəkildə təmin etməkdir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
95
azerbaijan-news.az

1Mənbələr