AZ

Su probleminin həlli iqtisadi inkişafın dayanıqlı olmasını təmin edir - ŞƏRH

Bakı, 14 yanvar, AZƏRTAC

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə dövlət başçısı konkret hədəfləri müəyyən etdi. Onun nitqindən aydın olur ki, Bakı şəhəri daxil olmaqla Abşeron yarımadasının inkişafı ilə əlaqədar su təchizatı tamamilə yenilənməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, istər Bakı şəhəri, istərsə də ümumilikdə Abşeron yarımadasının iqtisadi inkişafı, əhalinin artması, istehsal və emal müəssisələrinin yaradılması və digər sosial xarakterli dəyişikliklər su təchizatı və kollektor sistemələrinin dəyişməsini, yenilənməsini tələb edir.

“Son illər “Taxtakörpü”, “Şəmkirçay”, işğaldan azad edilmiş ərazilərdə isə “Sərsəng” və “Suqovuşan” su anbarları tikilib istismara verilib. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay”, Laçın rayonunda “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulub. Bu su anbarların kənd təsərrüfatının əkinçilik sahəsinin inkişafında mühüm rolu var”, - deyə deputat nəzərə çatdırıb.

Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və regiondakı su ehtiyatının yalnız 15 faizini təşkil edir: “Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Yerüstü su ehtiyatları əsasən çaylarda cəmlənir. Çay sularının ehtiyatlarının 67-70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə ölkəmizin daxili çaylarında formalaşır. Qonşu ölkələrin Kür və Araz çaylarının su ehtiyatlarından istifadəsi nəticəsində çayın həcmi 20 faizə qədər azalır ki, bu da ölkədə su çatışmazlığına səbəb olur. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatları son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən onların gələcəkdə də azalma ehtimalı var”.

 

Seçilən
144
azertag.az

1Mənbələr