Çağdaş dövrdə bəşəriyyəti ciddi şəkildə narahat edən əsas qlobal problemlərdən biri iqlim dəyişiklikləridir. Bu dəyişikliklər və onların təbiətə, eləcə də canlı aləmə təsiri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Havanın qeyri-sabit xarakter alması yalnız Azərbaycanda deyil, dünyanın bir çox regionlarında özünü göstərərək müxtəlif sosial, ekoloji və iqtisadi çətinliklər yaradır. Məhz bu səbəbdən iqlim məsələlərinə marağın artması beynəlxalq səviyyədə elmi və praktik konfransların, forumların və müzakirələrin keçirilməsində öz əksini tapır. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun son qiymətləndirmə hesabatına əsasən, son yüz il ərzində Yer kürəsində orta temperatur təxminən 0,8 dərəcə yüksəlmişdir. Bu qlobal istiləşmə prosesi ölkəmizdən də yan keçməmiş, yağıntıların azalması, quraqlıq dövrlərinin artması və su ehtiyatlarının azalması kimi problemlərlə müşayiət olunmuşdur.
Məhz bu qlobal iqlim proseslərinin və onların ölkəmizə göstərdiyi təsirlərin fonunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə cari ilin yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Sözügedən müşavirə mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, iqlim dəyişikliklərinin yaratdığı risklərin azaldılması və paytaxtla Abşeron yarımadasında davamlı su təsərrüfatı sisteminin formalaşdırılması baxımından vacib addım kimi qiymətləndirilir. Müşavirədə qarşıya qoyulan vəzifələr bu sahədə uzunmüddətli və sistemli tədbirlərin həyata keçirilməsini, infrastrukturun müasir tələblərə uyğun şəkildə yenilənməsini və əhalinin su təminatının etibarlı şəkildə qorunmasını hədəfləyir.
Müşavirə zamanı Oğuz–Qəbələ–Bakı su kəməri layihəsinədə toxunan Prezident, doğma Partiyamızın Sədri cənab İlham Əliyev bildirmişdir ki, əgər bu su kəməri vaxtında tikilməsəydi, hazırkı şəraitdə Bakıda su qıtlığı özünü olduqca ciddi şəkildə büruzə verərdi. Ümumilikdə iqlim dəyişiklikləri və artan əhali fonunda bu cür layihələrin əhəmiyyəti daha da aydın görünür. Ölkə başçısı belə layihələrin strateji xarakter daşıdığını və uzunmüddətli perspektivdə paytaxtın su təminatında mühüm dayaq rolunu oynadığını qeyd etmişdir.
Azərbaycanın bütün bölgələrində, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, uğurla icra olunan iqtisadi, sosial layihələr bütövlükdə milli maraqlarımızın təmin olunmasına mühüm töhfə verir. Çünki Azərbaycanda insan amili əsas faktor hesab olunur. Vətəndaşların rahatlığı, onların sosial-rifah halının yaxşılaşdırılması məhz elə dövlət siyasətinin mühüm tərkib hissəsidir ki, bu da ölkəmizin milli maraqları çərçivəsində prioritet məsələlərdir.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini