AZ

Aİ-nin enerji şəbəkələri siyasətinin icrası üçün maliyyələşmə 30 milyard avroya çatdırılacaq

Əbu-Dabi, 14 yanvar, AZƏRTAC

Avropa enerji transformasiyasında hidrogen istehsalına strateji əhəmiyyət verir. Aİ-nin qlobal hidrogen və aşağı karbonlu istehsalı dəstəkləmək üçün yaratdığı hüquqi çərçivə Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr üçün geniş imkanlar açır.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş İdarəsinin baş direktoru Dite Yul-Yorqensen Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində “Masdar” şirkətinin təşkilatçılığı ilə keçirilən 18-ci Dünya Gələcək Enerji Sammitində çıxışı zamanı deyib.

Yorqensen bildirib ki, Avropa İttifaqının Transavropa enerji şəbəkələri siyasətinin icrası üçün maliyyələşmə proqramı olan “The Connecting Europe Facility (CEF) for Energy” proqramının həcminin beş dəfə artırılaraq 30 milyard avroya çatdırılması gözlənilir. KƏŞ ölkələri ilə danışıqların davam etdiyi bir vaxtda o, əməkdaşlıq imkanını “hər iki tərəf üçün zəruri” kimi xarakterizə edib.

Yorqensen əlavə edib ki, Avropa İttifaqı ilə Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında sabit ticarət və investisiya çərçivəsinin mövcudluğu enerji sektoru üçün kritik əhəmiyyətə malik xammalların, eləcə də, daha çox özəl investisiyanın cəlb edilməsinə şərait yaradacaq. Bu isə gələcək tədarük zəncirlərinin və yaşıl texnologiyaların qurulmasına, eləcə də, innovasiya, əlçatanlıq, rəqabətqabiliyyətlilik və təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

 

Seçilən
114
azertag.az

1Mənbələr