AZ

Ölkənin birinci bankı 2025-ci ilin lideridir

Ölkənin birinci bankı Kapital Bank 2025-ci il üçün maliyyyə hesabatını təqdim edib.

31 dekabr 2025-ci ilə aid hesabata görə bankın cəmi gəlirləri 2024-cü illə müqayisədə 27,6% artaraq 1 milyard 881 milyon 674 min manata çatıb. Bu nəticə ilə bank maliyyə bazarında rəqiblərini geridə qoyaraq banklar arasında lider mövqeyini qoruyub. Eyni zamanda son 3 ilin ən yüksək artım tempinə nail olub. Qeyd edək ki, ötən il bu göstərici 1 milyard 474 milyon 908 min manat olub. Məcmu gəlirlərin artması həm faiz, həm də qeyri-faiz gəlirlərindəki yüksəlişlə bağlıdır. Belə ki, 2025-ci ildə bankın faiz gəlirləri 38,8% artım nümayiş etdirərək 1 milyard 180 milyon 81 min manata çatıb. 2024-cü ildə bu göstərici 850 milyon 258 min manat təşkil edib. Qeyri-faiz gəlirlərində isə 12,3% artım müşahidə olunub: 2024-cü ildə 624 milyon 651 min manat həcmində olan bu göstərici 2025-ci ildə 701 milyon 592 min manata yüksəlib.

Bankın xalis mənfəətində isə son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb. Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkənin birinci bankı 315 milyon manat xalis mənfəət əldə edib. Bu, bankın 2024-cü ildə qazandığı 186 milyon 501 min manat xalis mənfəətdən 68,9% daha çoxdur.

Bankın kredit portfeli 4% artaraq 5 milyard 419 milyon 985 min manata çatıb. Bu göstərici 2024-cü ildə 5 milyard 211 milyon 207 min manat təşkil edib. Artıma daha çox istehlak və biznes kreditləri səbəb olsa da, göstəricinin əsas hissəsi istehlak kreditlərinin payına düşüb.

Ötən il cəmi depozit portfeli 8 milyard 288 milyon 654 min manat təşkil edib. 2024-cü illə müqayisədə bankın depozit portfelində 7,7% azalma müşahidə olunub. 2025-ci ildə hüquqi şəxslərin depozitləri 5 milyard 151 milyon 830 min manat təşkil etdiyi halda, fiziki şəxslərin depozitləri 20,9% artaraq 3 milyard 136 milyon 823 min manata çatıb.

Seçilən
27
11
publika.az

10Mənbələr