Türkiyənin Ermənistanla sərhədində yerləşən “Alican” sərhəd-keçid məntəqəsində işlər doxsan faiz tamamlanıb. Bununla paralel olaraq, Ermənistanın Armavir vilayətində yerləşən “Marqara” sərhəd-keçid məntəqəsi də yeni dövr üçün hazır vəziyyətə gətirilib. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu “Milliyet” qəzeti məlumat yayıb. KİV bildirib ki, ərazidə gömrük və digər prosedurlar üçün istifadə olunacaq binalar inşa olunub. Həmçinin Türkiyəyə gələnləri İğdır və ətraf bölgələri kəşf etməyə təşviq edən reklam lövhələri asılıb. Yeni qaydaya əsasən, Türkiyə və Ermənistan vətəndaşı olan diplomatik, xidməti və xüsusi (yaşıl) pasport sahibləri viza prosedurlarını rəqəmsal şəkildə tamamlayacaqlar. Bu pasport kateqoriyalarına malik şəxslər heç bir rüsum ödəmədən elektron viza üçün müraciət edə biləcəklər. Qəzet yazıb ki, hər iki ölkə normallaşma prosesinə sadiq olduqlarını bir daha bəyan ediblər. Türkiyə və Ermənistan heç bir ilkin şərt olmadan prosesin “tam normallaşma” məqsədi ilə davam etdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. “Milliyet” xəbəri “33 il sonra sərhəd açılır” başlığı ilə dərc edib.