AZ

Fevral ayından pensiyalar artacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin sözlərinə görə, 2026-cı ildə də 1,1 milyon vətəndaşın pensiyasının indeksləşdirilməsi nəzərdə tutulub. Bu halda pensiyalarda artım gözlənilirmi?İqtisadçı Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, ölkənin pensiya qanunvericiliyinə əsasən, hər il pensiyaçıların pensiyası əvvəlki il muzdlu işləyən şəxslərin əməkhaqqının artım faizinə uyğun şəkildə artırılır: "Yəni muzdlu işçilərin orta illik əməkhaqqı neçə faiz artıbsa, pensiyalar da həmin faiz qədər indeksasiya olunur. Bu mexanizm qanunvericilikdə təsbit edilib. Sözügedən rəqəmin dəqiq göstəricisi fevral ayının ilk on günlüyündə məlum olacaq. Hazırda artımın təxminən 9,3 faiz ətrafında olacağı gözlənilir. Pensiya artımı yanvarın 1-dən qüvvəyə minəcək və fevral ayında yanvar üçün hesablanan əlavə məbləğlə birlikdə, yəni iki ayın artımı birgə ödəniləcək".Ekspertin sözlərinə görə, bunun səbəbi statistik məlumatların bir ay gecikmə ilə açıqlanmasıdır:"Belə ki, əməkhaqqı göstəriciləri iş yerlərindən toplanır, ümumiləşdirilir və yalnız bundan sonra artım faizi hesablanır. Bu proses nazirin qərarından asılı deyil. Pensiyaların indeksasiyası artıq qanunla müəyyən edilib və hər il avtomatik qaydada tətbiq olunur. Artım faizi isə işləyən şəxslərin əvvəlki il üzrə əməkhaqqı artımına uyğun olaraq müəyyənləşdirilir".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
37
metbuat.az

1Mənbələr