AZ

Sumqayıt sakini MTK-dan Vergi Xidmətinə şikayət etdi

Sumqayıt sakini “Yusif 2014” Mənzil-Tikinti Kooperativi (MTK) ilə bağlanmış mənzil alqı-satqısı müqaviləsi üzrə ödənişlərin qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirildiyini iddia edir.

NOCOMMENT.az xəbər verir ki, Akif Ələkbərovun sözlərinə görə, 1 iyul 2025-ci il tarixində Sumqayıt şəhərinin 6-cı mikrorayonunda yerləşən “Yusif 2014” MTK-ya məxsus 14 mərtəbəli yaşayış binasından ümumi sahəsi 124 kvadratmetr olan 3 otaqlı mənzil alınıb. Mənzilin ümumi dəyəri 161.200 manat təşkil edib. İlkin ödəniş kimi 48.360 manat verilib, qalan məbləğin isə 48 ay ərzində aylıq 2350,83 manat olmaqla ödənilməsi nəzərdə tutulub.

Ələkbərovun iddiasına görə, müqavilədə göstərilən MTK-ya məxsus bank hesabının mövcud olmaması səbəbindən ödənişləri məcburi şəkildə nağd formada edib. Bildirilir ki, müqavilədə ƏDV-nin daxil olduğu qeyd edilsə də, ödənişlərə dair qaimə-faktura təqdim edilmədiyi üçün alıcı ƏDV-nin geri alınması hüququndan da məhrum olub.

Şikayətçi məsələ ilə bağlı Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.14-cü maddəsinə istinad edərək, daşınmaz əmlakın alqı-satqısı zamanı ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməli olduğunu vurğulayır. O, həmçinin qanunun tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulduğunu bildirir.

Bu səbəbdən Ələkbərov Akif Ələkbər oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək “Yusif 2014” MTK-nın fəaliyyətində yol verilən iddia olunan qanun pozuntularının araşdırılmasını və qarşısının alınmasını xahiş edib.

Şikayətdə qeyd olunur ki, MTK rəhbərliyinə ünvanlanan eyni məzmunlu müraciətə bir aydan artıq müddət keçməsinə baxmayaraq, indiyədək rəsmi cavab verilməyib.

Məsələ ilə bağlı “Yusif 2014” MTK ünvanlanan sorğunu cavablandırmayıb və açıqlama verməyib./sumqayit24/

Seçilən
30
nocomment.az

1Mənbələr