ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, ona İranda ölkə üzrə etiraz aksiyalarının yatırılması zamanı baş verən qətllərin səngidiyi barədə məlumat verilib və hazırda kütləvi edamlarla bağlı planın olmadığına inanır.
Bu barədə "Reuters" məlumat yayıb.
Jurnalistlər qətllərin dayandırılması barədə məlumatı kimdən aldığını soruşduqda, Tramp “qarşı tərəfdən çox vacib mənbələr” cavabını verib.
Prezident ABŞ-ın mümkün hərbi addımlarını istisna etməyərək bildirib ki, Vaşinqton prosesin necə inkişaf edəcəyini izləyəcək.
O, eyni zamanda ABŞ administrasiyasının İrandan “çox yaxşı bir bəyanat” aldığını da qeyd edib.
Əraqçi: İranda sabitlik bərqərar olub
İran hakimiyyəti ölkədəki vəziyyətə tam nəzarət edir, İslam Respublikasında sabitlik bərqərar olub.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Fox News" telekanalına müsahibəsində bildirib.
“Hazırda sabitlik təmin olunub. Biz hər şeyə tam nəzarət edirik və ümid edək ki, müdriklik qalib gələcək və hamı üçün fəlakətli ola biləcək yüksək gərginlik vəziyyətinə düşməyəcəyik”, – deyə nazir qeyd edib.