“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) icrası üzrə çərçivə sənədinin qəbul edilməsi 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır. Bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir.
Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə TRIPP-in icrası üzrə çərçivə sənədinə dair yerli mətbuatın sualına cavabında söyləyib. A.Hacızadə, onu da bildirib ki, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir.
XQ