AZ

Milli Akademiyanın unudulmaz prezidenti

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Zahid Xəlilov – 115

Azərbaycanın elm-təhsil və mədəni ictimaiyyəti görkəmli riyaziyyatçı, təşəbbüskar elm qurucusu, sovet zamanında 5 il Milli Akademiyaya rəhbərlik etmiş unudulmaz akademik Zahid Xəlilovun anadan olmasının 115-ci ildönümünü alimin xatirəsinə dərin hörmət və ehtiramla yad edir.

Dünya şöhrətli alimin əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aiddir. Onun yaratdığı abstrakt sinqulyar operatorlar nəzəriyyəsi dünya elmi ədəbiyyatında “Zahid Xəlilov nəzəriyyəsi” kimi tanınır. Yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidməti olan alim Azərbaycan riyaziyyatçılar cəmiyyətinin prezidenti kimi səmərəli fəaliyyət göstərib.

Zahid İsmayıl oğlu Xəlilov 14 yanvar 1911-ci ildə Borçalı mahalının Saraclı kəndində anadan olub. Milliyyətcə qarapapaq (tərəkəmə) türklərindən idi. Soydaşımız orta məktəbi və Tiflisdə Türk Pedoqoji Texnikumunu bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda başa vuran gənc Tiflisə qayıdıb və Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda işləyib.

Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olan Zahid Xəlilov 1940-cı ildə məşhur riyaziyyatçı, professor S. Berqmanın rəhbərliyi altında “Kleb məsələsi və onun ümumiləşməsi” mövzusunda dissertasiya müdafiə edərək Qafqaz türkləri arasında İbrahim İbrahimovdan sonra fizika-riyaziyyat elmləri üzrə alimlik dərəcəsi alan ikinci şəxs olub. Elə həmin il Bakıya - Azərbaycan Dövlət Universitetinə dəvət edilən alim ömrünü həmişəlik milli elmimizin inkişafına bağlayıb.

İkinci Dünya müharibəsindən sonra müstəqil fəaliyyətə başlayan Azərbaycan Elmlər Akademiyasında istedadlı riyaziyyatçını fizika və riyaziyyat sektorlarının rəhbəri təyin ediblər. Zahid Xəlilov 1946-cı ildə “Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi” mövzusunda dissertasiyasını uğurla müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olub.

1950-ci illərin əvvəllərindən başlayaraq onun elmi əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də ABŞ-da çap olunaraq ona şöhrəti gətirib. Zahid müəllim həm Azərbaycan funksional analiz məktəbinin banisi, həm də SSRİ-də bu sahənin ideoloqlarından biri olub. Keçmiş SSRİ-də ilk “Funksional analiz” dərsliyini məhz 1949-cu ildə soydaşımız yazıb.

Elm aləmində həm də təşəbbüskar təşkilatçı kimi tanınan Zahid Xəlilov 1950-ci ildə Riyaziyya və Mexanika İnstitutunun direktoru təyin edilib. O, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2 il sonra Akademiyanın vitse-prezidenti, 1962–1967-ci illərdə isə prezidenti olub. Görkəmli alim 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib.

Onun rəhbərliyi ilə 30-dan çox elmlər namizədi və elmlər doktoru yetişdirilib. Ömrünün sonunadək tədqiqatlar aparmış alimin davamçıları bu gün də elmin inkişafı istiqamətində uğurla fəaliyyət göstərirlər.

Dünya və keçmiş SSRİ miqyasında nüfuzlu riyaziyyatçı, Əməkdar elm xadimi, akademik Zahid Xəlilov ölkəmizdən SSRİ Ali Sovetinə deputat seçilib, orden və medallara, bir çox mükafatlara layiq görülüb.

Zahid Xəlilov riyaziyyatı yalnız akademik auditoriyalarla məhdudlaşdırmayıb. “İnsanlar indiki riyaziyyata necə gəlib çatmışlar”, “Dairənin kvadraturası” kimi əsərləri elmin kütlələrə çatdırılması baxımından mühüm rol oynayıb. O, həmçinin Azərbaycan dilində ilk riyaziyyat lüğətinin yaradılmasının təşəbbüskarı olub, Nəsrəddin Tusi irsinin tədqiqinə dair ilk sistemli məqalələrin müəllifidir.

Böyük riyaziyyatçı Zahid Xəlilov çoxsaylı beynəlxalq elmi konfrans və forumların (İsveç-1962, Çexoslovakiya-1963, Avstriya-1964, Honq-Konq-1964) iştirakçısı olub. Çıxışları hər zaman böyük maraq kəsb edib, diqqət çəkib.

4 fevral 1974-cü ildə 63 yaşında Bakı şəhərində işıqlı dünyaya gözünü yumub. Birinci Fəxri Xiyabanda dəfn edilib. Unudulmaz insan, gözəl alim kimi xatirəsi daim ürəklərdə yaşayır.

AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmiş Misir Mərdanov görkəmli akademikin yubileyi ilə bağlı XQ-yə bildirdi ki, Zahid Xəlilov funksional analiz, diferensial tənliklər, elastikiyyət nəzəriyyəsi və neft mexanikası sahələrində tanınmış dünya şöhrətli alim idi:

– Zahid müəllimin elmi yaradıcılığının xarakterik cəhətlərindən biri o idi ki, o, konkret tətbiqi əhəmiyyəti olan məsələlərin həlli üçün yeni metodlar yaradır və onları uğurla bu məsəsələlərin həllinə tətbiq edirdi. Buna misal olaraq, onun Lavrentyev-Bitsadze tənliyi üçün qoyulmuş sərhəd məsələsinin həllinin varlığı üçün yeni metod – şəbəkə metodunu yaratmasını göstərmək olar.

Sonralar bu metod müxtəlif alimlər tərəfindən sərhəd məsələlərinin həllinin varlığını isbat etmək üçün istifadə olunmuşdu. Bu sahədə olan nəticələrlə əlaqədar o, qaz və neftin filtirasiyası nəzəriyyəsinin ümumi məsələsini həll etmişdir. Onun bu nəticələri bir neçə onilliklər ərzində respublikamızda tətbiqi məsələlərin həll edilməsinə zəmin yaratmışdır.

Fizika-riyaziyyat elmləri doktoru Hamlet İsaxanlı isə söylədi:

– Riyaziyyatçı tələbə olaraq bizə dərs deməyən riyaziyyatçıların adlarını tez-tez eşidirdik. Zahid Xəlilovun adı çəkiləndə hamı ciddiləşər, ondan hörmətlə, amma bir qədər də ehtiyatla danışardı. Elə təsəvvür yaranırdı ki, sanki o, uzaq, əlçatmaz bir adamdır, başqa bir dünyanın adamıdır, ətrafdakılardan fərqlidir. Sonralar, onu və bir çox digər riyaziyyatçıları nisbətən yaxından tanıdıqdan sonra, başa düşdüm ki, Zahid müəllim, doğrudan da, fərqli bir insan, fərqli bir alimdir. Zahid müəllimin qəflətən dünyasını dəyişməsi onunla tanışlığımın uzun sürməsinə imkan vermədi. Amma hər insanın bir sıra unudulmaz xatirələri var.

Biri budur ki, 1968-ci ildə Tbilisidəki Riyaziyyat İnstitutuna gedərək Bakıda az tapılan ədəbiyyatla, o cümlədən İ.N.Vekuanın bəzi əsərləri ilə tanış olmaq istəmişdim. Kitabxanaçı qadın “Musxelişvili burdadır, sizi görmək istəyir”, - dedi. Düşündüm ki, Gürcüstan Elmlər Akademiyasının prezidenti məni, Bakıdan gəlmiş adi bir tələbəni niyə görmək istəyir? Nə isə, məni Musxelişvilinin yanına qədər müşayiət etdilər, qapını açıb içəri apardılar. Musxelişvili qabağa gəldi, əl verib salamlaşdı, qolumdan tutub əyləşdirdi.

Söhbət vaxtı Zahid Xəlilovu soruşdu, “tələbəm olub” - deyə bildirdi. Sonra da əlavə etdi ki, istedadl alimdir və uzaqgörəndir. “O, funksional analizi vaxtında öyrəndi və tətbiq etdi, bu sahədə bizdən qabağa getdi. Məndən ona salam söylə, nə zaman bizə aid nə məsələn olsa, çəkinmə, gəl, müraciət et”. Zahid Xəlilov haqqında böyük gürcü alimin belə yüksək rəyini eşitmək çox xoş idi.

Zahid Xəlilov dünyasını dəyişəndə mənim 26 yaşım tamam olmamışdı. Onu yeni-yeni tanımaqda idim. Bu görkəmli insanla ünsiyyətdə olmaq, ona qulaq asmaq həyatımın qısa, amma yaddaqalan, mənalı anlarını təşkil etdi.

Zahid Xəlilovu yaxından tanıyan digər alimlər isə ötən yubileylərdə bildiriblər ki, o, elm yolunda əxlaqı, mənəviyyatı, mədəniyyəti, ruh və cismin vəhdətini bir cismdə təcəssüm etdirən bir şəxsiyyət olub. Bu alimin timsalında gerçək ziyalı işığına tapınmaq, onu anmaq, zəngin irsini öyrənmək, onu dərk etmək milli qürur doğurur. Gənc nəslə elmə sahiblənmək fikrini aşılamağın ən gözəl nümunəsidir.

Əli DOSTƏLİXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
xalqqazeti.az

2Mənbələr