AZ

Avtobus qiyməti “manatlıq” taksi ilə eyniləşir: Bəs keyfiyyət?

Son dövrlər ictimai nəqliyyatdan davamlı qiymət artımı sərnişinlərin narazılığına səbəb olur.

Məsələn, yanvarın 17-dən etibarən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarda gediş haqqı 10 qəpik artırılaraq 90 qəpik olacaq. Lakin qiymət artım sərnişinlərin gözləntilərinə uyğun xidmət keyfiyyəti ilə müşayiət olunmur, insanlar hələ də uzun müddət dayanacaqlarda gözləməli olur, avtobus intervalı dəyişmir və bir sıra problemlər olduğu kimi qalır.

Maraqlıdır ki, bəzi marşrutlarda bir gediş haqqı artıq manatlıq taksilərlə eyni səviyyəyə çatıb. Tarif artımları sərnişinlərin yükünü artırır, amma xidmətin keyfiyyəti hələ də gözləntilərə cavab vermir.

Avtobuslarda qiymət artsa da, niyə xidmət keyfiyyəti dəyişmir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, son vaxtlar ictimai nəqliyyatdakı qiymət artımının əsas səbəbləri yanacaq və texniki xərclərin yüksəlməsi, ehtiyat hissələrinin bahalaşması, sürücü maaşlarının artırılması zərurəti və avtobus parkının yenilənməsi planlarıdır:

“Lakin problem ondadır ki, qiymət artımı xidmət keyfiyyəti ilə birbaşa bağlı deyil. Tarif artırılarkən konkret keyfiyyət öhdəlikləri qoyulmur. Məsələn, daşıyıcıdan intervalın azalması, avtobus sayının artırılması və kondisionerlərin işləməsi kimi ölçülə bilən tələblər tələb edilmir. Nəticədə, artan gəlir sərnişinə hiss olunan şəkildə qayıtmır. Bu, əsasən zəif nəzarət və cavabdehlik mexanizmi ilə bağlıdır.

Əsas problemlərdən biri də odur ki, insanlar hələ də dayanacaqlarda saatlarla gözləyir. Avtobus zolaqları olsa da, interval həddən artıq uzun olur və yağışlı havalarda bu vəziyyət daha da pisləşir. Bunun bir neçə əsas səbəbi var. Birincisi, avtobus çatışmazlığıdır. Marşrutlar üzrə real tələbat düzgün hesablanmır, pik saatlarda avtobus sayı az olur və ehtiyat avtobuslar xəttə buraxılmır.

İkincisi, qrafiklərin formal olmasıdır. Bir çox marşrutda rəsmi interval mövcud olsa da, faktiki icra edilmir və sürücülər planı doldurub-doldurmamasına görə məsuliyyət daşımır.

Üçüncüsü, şikayətlərin nəticəsiz qalmasıdır. İctimai nəqliyyatda yaranan problemlərlə bağlı şikayətlər formal qalır və nəticə vermir. Dördüncüsü, yollardakı sıxlıqdır. Avtobusların hərəkəti tıxac səbəbindən ləngiyir, ayrılmış avtobus zolaqları ya yoxdur, ya da effektiv qorunmur”.

O qeyd edib ki, hazırkı tarif siyasəti sosial reallıqdan uzaqdır:

“Bu gün avtobus qiyməti “manatlıq” taksi ilə bərabərləşir. Bu, çox təhlükəlidir, çünki avtobus kütləvi və sosial nəqliyyat vasitəsidir, taksi isə fərdi və komfort əsaslı xidmətdir. Qiymət fərqi aradan qalxdıqda, avtobus öz sosial funksiyasını itirir və aşağı gəlirli vətəndaşlar daha çox zərər görür. Nəticədə insanlar alternativ nəqliyyat vasitələrinə üz tutur, bu isə yollarda daha çox maşın deməkdir.

Tarif artımı sərnişin axını, marşrutun uzunluğu, xidmət səviyyəsi və dövlət subsidiyası kimi amillərə əsaslanmalıdır. Əks halda, qiymət artımı yalnız iqtisadi tələbə cavab verir, lakin sərnişin üçün real keyfiyyət dəyişikliyi yaratmır”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, ictimai nəqliyyatın avtobus seqmentində qiymətlərin dəyişməsi ötən il qəbul olunmuş qərara əsaslanır:

“Bu qərarın mahiyyəti ondan ibarətdir ki, Bakı şəhəri ərazisində, eləcə də digər bölgələrdə ekoloji cəhətdən təmiz, müasir tələblərə cavab verən avtobuslarda gediş haqqı dəyişdirilib. Digər avtobusların qiymətində isə hər hansı dəyişiklik olmayıb. Yəni qiymət dəyişikliyi məhz həmin qərara əsaslanır. Avtobuslar köhnədirsə və müəyyən olunmuş tələblərə cavab vermirsə, onların qiyməti artırılmayıb.

Sürətli avtobuslar isə bu gün faktiki olaraq əvvəllər mövcud olan marşrut-taksi funksiyasını yerinə yetirir. Sadəcə olaraq, əvvəl bu marşrutlarda daha kiçik mikroavtobuslar işləyirdisə, indi iritutumlu avtobuslar fəaliyyət göstərir. Yəni funksional baxımdan eyni xidmətdir: mənzil başına daha tez çatdırır, daha az dayanacaqda dayanır və daha komfortlu hesab olunur. Məhz buna görə də onların gediş haqqı fərqlidir.

Ümumilikdə nəqliyyatda keyfiyyətin yüksəldilməsi üçün bütün daşıyıcı şirkətlər marşrutlarda işləyən avtobusları yeniləməli, xidmət səviyyəsinin artırılması üçün bir sıra addımlar atmalıdırlar”.

Seçilən
21
2
turkustan.az

3Mənbələr