AZ

Arxeoloq alim beynəlxalq seminarda Azərbaycan-özbək mədəni əlaqələrindən danışıb

Bakı, 15 yanvar, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə Buxara Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən “Xarici dillərin tədrisi metodologiyasının inkişafında müasir tendensiyalar: yerli yanaşmalar və xarici təcrübəyə əsaslanan həllər” mövzusunda beynəlxalq onlayn qış məktəbi seminar-treninqdə iştirak edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransda A.Ağalarzadə “Azərbaycan-özbək mədəni əlaqələri: tarixə baxış” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan ilə Özbəkistan tarixi, dini, mədəni əlaqələr baxımından bir-birinə yaxın ölkələrdir. Son illərdə mədəni irs sahəsində elmi əlaqələrin nəticəsi kimi qarşılıqlı olaraq hər iki ölkənin alimləri Böyük İpək Yolu üzərində yerləşən ortaq tarixə malik xalqların maddi mədəniyyətini yenidən araşdırmalara cəlb etməyə çalışırlar. Bunun nəticəsi olaraq Orta əsrlər dövrü arxeoloji maddi mədəniyyət nümunələri müqayisəli təhlillər əsasında öyrənilib və çap olunub. Gələcəkdə mədəni irs sahəsində əməkdaşlığın davamlı olacağına da əminlik ifadə edilib.

Universitetin dosenti Nasiba İbodovanın moderatorluğu ilə baş tutan konfransda Türkiyə, Özbəkistan, Qazaxıstan, Monqolustan və digər ölkələrdən tədqiqatçılar iştirak ediblər.

 

 

Seçilən
29
1
azertag.az

2Mənbələr