AZ

Azərbaycan regionda dayanıqlı şəhər inkişafı modelini formalaşdıran ölkələrdən birinə çevrilir- ŞƏRH

Bakı, 15 yanvar, AZƏRTAC

Bakı və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair dövlət proqramına həsr olunmuş müşavirə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birini əks etdirir. Bu proqram urbanizasiya proseslərinin sürətləndiyi, əhali və sənaye yükünün artdığı bir mərhələdə şəhər təsərrüfatının dayanıqlı idarə olunmasına xidmət edən kompleks və uzunmüddətli dövlət siyasətinin tərkib hissəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov söyləyib.

O bildirib ki, Azərbaycan son illər ərzində kommunal infrastrukturun yenilənməsi sahəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bakı və Abşeron yarımadası ölkənin iqtisadi, inzibati və demoqrafik mərkəzi kimi bu sahədə xüsusi diqqət tələb edən regiondur və qəbul edilən dövlət proqramı bu reallıqları nəzərə alaraq hazırlanıb. Proqram çərçivəsində içməli suyun fasiləsiz və keyfiyyətli təminatı, tullantı sularının toplanması və təmizlənməsi, həmçinin yağış sularının idarə olunması üçün müasir infrastrukturun qurulması nəzərdə tutulur. Bu yanaşma şəhər təsərrüfatında risklərin azaldılmasına, xüsusilə intensiv yağıntılar zamanı subasma və ekoloji fəsadların qarşısının alınmasına imkan yaradır.

“Dövlət Proqramı həm də Azərbaycanın uzunmüddətli planlaşdırma və idarəetmə qabiliyyətinin göstəricisidir. Burada məqsəd təkcə mövcud problemlərin aradan qaldırılması deyil, gələcək onilliklər üçün davamlı infrastruktur bazasının formalaşdırılmasıdır. Əhalinin artımı, iqtisadi fəallığın genişlənməsi və iqlim dəyişikliklərinin yaratdığı yeni çağırışlar fonunda bu cür qabaqlayıcı siyasət dövlətin strateji baxışını əks etdirir. Layihənin maliyyə və texniki miqyası Azərbaycanın iqtisadi potensialını və institusional imkanlarını da ortaya qoyur”,- deyə T. İsmayılov vurğulayıb.

O əlavə edib ki, Bakı və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı ölkənin sosial rifahının yüksəldilməsi, ekoloji təhlükəsizliyin möhkəmləndirilməsi və şəhər infrastrukturunun müasirləşdirilməsi baxımından mühüm mərhələdir. Bu proses Azərbaycan dövlətinin planlı, məsuliyyətli və gələcəyə yönəlmiş inkişaf strategiyasının real təzahürü kimi qiymətləndirilməlidir.

Seçilən
96
azertag.az

1Mənbələr