AZ

Yeni ailələrə 32 min veriləcək – Azərbaycan da isə…

Birləşmiş Ərəb Əmirliklərinin ailə institutunu gücləndirmək üçün tətbiq etdiyi yeni mexanizm təkcə region üçün deyil, ümumilikdə dövlət–cəmiyyət münasibətləri baxımından diqqətçəkən və düşündürücü nümunədir. İlk dəfə ailə quran vətəndaşlara 70 min dirhəm məbləğində birbaşa dövlət dəstəyinin verilməsi zahirən sosial yardım kimi görünsə də, mahiyyət etibarilə uzunmüddətli sosial siyasətin tərkib hissəsidir. Burada əsas məqsəd sadəcə maddi stimul yaratmaq deyil, ailənin mahiyyətini gücləndirmək, nikaha məsuliyyətlə yanaşmanı formalaşdırmaq və boşanmaların qarşısını almaqdır. Elə bu səbəbdəndir ki, BƏƏ hökuməti bu yardımı şərtsiz şəkildə təqdim etmir. Evlənən cütlüklər altı ay davam edən, on iki modulu əhatə edən xüsusi ailə proqramından keçməli, ailədaxili münasibətlərdən tutmuş psixoloji uyğunluğa, maliyyə planlamasından valideyn məsuliyyətinə qədər geniş mövzular üzrə bilik əldə etməlidirlər. Yalnız bu mərhələni uğurla başa vuran ailələr dövlət ödənişi almaq hüququ qazanır.

Bu yanaşma bir daha göstərir ki, BƏƏ ailəni yalnız şəxsi məsələ deyil, cəmiyyətin və dövlətin dayağı kimi qəbul edir. Eyni zamanda, bu mexanizm ölkədə geniş yayılmış dəbdəbəli toy ənənələrinin qarşısını almağa, ailə qurarkən əsas diqqətin mərasimə deyil, gələcək birgə həyata yönəldilməsinə xidmət edir. Kollektiv toyların təşviqi, bəzi hallarda toyların tam dövlət hesabına keçirilməsi də bu siyasətin davamı kimi qiymətləndirilir. Dövlət mesajı açıqdır: ailə qurmaq nümayiş və israf deyil, məsuliyyət və davamlılıq deməkdir.

Bu nümunə istər-istəməz sual yaradır: Azərbaycanda da bu cür mexanizmlərin tətbiqi mümkündürmü və buna ehtiyac varmı?

Reallıq ondan ibarətdir ki, Azərbaycanda yeni qurulan ailələrin üzləşdiyi əsas problemlərdən biri məhz maddi çətinliklərdir. Kirayə haqqı, yaşayış xərcləri, ilkin məişət ehtiyacları, uşaqla bağlı xərclər gənc ailələr üçün ciddi yükə çevrilir. Bir çox hallarda bu maddi gərginlik ailədaxili münasibətlərə də mənfi təsir göstərir və boşanmaların artmasında dolayı rol oynayır. Buna baxmayaraq, Azərbaycanda ailə quran gənclər üçün birbaşa və sistemli dövlət dəstək proqramı mövcud deyil. Mövcud sosial müavinətlər daha çox aztəminatlı ailələrə və müəyyən kateqoriyalara yönəlib, lakin ailənin qurulma mərhələsini hədəfləyən xüsusi mexanizm yoxdur.

İqtisadçı ekspert  Əkrəm Həsənov NOCOMMENT.az-a bildirib ki, belə proqramların tətbiqi prinsip etibarilə mümkündür, lakin bu, ilk növbədə dövlətin maliyyə imkanları və prioritetləri ilə bağlıdır:

“Ailəyə birbaşa maliyyə dəstəyi yalnız sosial jest kimi deyil, iqtisadi və demoqrafik siyasətin tərkib hissəsi kimi düşünülməlidir. Əgər dövlət ailənin möhkəmliyini, doğum səviyyəsinin qorunmasını və sosial sabitliyi strateji hədəf kimi görürsə, bu zaman gənc ailələrə ilkin mərhələdə maddi dəstək vermək uzunmüddətli perspektivdə daha böyük sosial xərclərin qarşısını ala bilər. Boşanmaların artması, sosial problemlərin dərinləşməsi, uşaqların psixoloji və maddi çətinliklərlə üzləşməsi sonradan dövlət üçün daha ağır yükə çevrilir”.

Ekspert yanaşmasına görə, Azərbaycanda BƏƏ modelinin tam surətdə tətbiqi çətin ola bilər, çünki iqtisadi miqyas və büdcə imkanları fərqlidir:

“Lakin bu, mexanizmin elementlərinin uyğunlaşdırılaraq tətbiqini mümkünsüz etmir.

Məsələn, birbaşa yüksək məbləğli ödəniş əvəzinə, faizsiz ipoteka güzəştləri, kirayə subsidiyaları, gənc ailələr üçün vergi və kommunal güzəştlər, həmçinin nikahdan əvvəl maarifləndirici proqramların təşkili real və daha davamlı variant ola bilər.

Əsas məsələ bu təşəbbüslərin populist xarakter daşımaması, real sosial nəticələrə hesablanmasıdır. Bu nümunə göstərir ki, ailə institutunu qorumaq təkcə ənənəvi çağırışlarla mümkün deyil. Dövlətin bu prosesdə aktiv rolu, həm maddi, həm də maarifləndirici mexanizmlərlə iştirakı vacibdir. Azərbaycanda ailə dəyərləri cəmiyyətin əsas sütunlarından biri hesab olunur, lakin bu dəyərlərin qorunması üçün təkcə mədəni deyil, institusional addımlar da atılmalıdır. Yeni qurulan ailələrin ilk illərdə üzləşdiyi maddi və psixoloji çətinliklər aradan qaldırılmadıqca, ailənin möhkəmliyindən danışmaq çətinləşir”.

Tunar

Seçilən
81
50
nocomment.az

10Mənbələr