AZ

“Referans Pharmaceuticals” MMC və “Referans Medical Group” kimlərindir? - Maraqlı detallar

Böyük imkanlara sabib olan bu iki özəl qurumun rəsmi internet resurslarında təsisçilər, rəhbərlik və idarəedici şəxslər haqqında açıq məlumatlar nə üçün mövcud deyil?

 Ötən gün ölkənin əksər media subyektlərində dərc edilən “Referans”ın dövlət qurumları ilə dərman biznesi” adlı məqalə qısa müddət sonra silinib. Məqalənin silinməsindən dərhal sonra isə “Bu MMC-nin “Referans Medical Group”la əlaqəsi yoxdur” başlığı altında olduqca maraqlı bir məlumat yayılıb.

Bizimesr.az xəbər verir ki, məlumatda bildirilir ki, bəzi media subyektlərində yayılan “Referans Pharmaceuticals”ın dövlət qurumları ilə dərman biznesi - Araşdırma” başlıqlı yazıda qeyd edilən “Referans Pharmaceuticals” MMC ilə “Referans Medical Group” klinikalar şəbəkəsi arasında hər hansı hüquqi, institusional və ya idarəetmə baxımından əlaqə mövcud deyil. Qeyd olunur ki, bu qurumlar bir-birindən tam müstəqil hüquqi şəxslərdir, ayrı-ayrı fəaliyyət göstərirlər, təsisçilik strukturları, idarəetmə mexanizmləri və maliyyə fəaliyyətləri üst-üstə düşmür. Bildirilir ki, onların dövlət qurumları ilə münasibətləri və biznes əlaqələri də ayrıca formalaşır və bir-biri ilə əlaqələndirilmir.

Araşdırma nəticələrinə istinadən vurğulanır ki, yayılan iddialar rəsmi və hüquqi məlumatlarla təsdiqlənmir və “Referans Pharmaceuticals” MMC ilə “Referans Medical Group” arasında hər hansı əlaqə mövcud deyil.

Lakin ilk növbədə bir məqama aydınlıq gətirmək lazımdır, sözügedən araşdırma (Teleqraf) jurnalistin peşəkar araşdırma əməyinin nəticəsidir.

Son illər ölkə mediasında bu cür sanballı araşdırma materiallarının demək olar ki, yox dərəcəsində olduğunu nəzərə alsaq, həm media subyektinin, həm də oxucuların belə yazılara ciddi ehtiyacı var.

Digər tərəfdən, silinmiş araşdırma materialının rəsmi təkzib verilmədən, sadəcə ortadan qaldırılması praktikasının hələ də ölkə mediasında qalması olduqca biabırçı və düşündürücü haldır. Məlumat yoxdur, amma təkzibi var... Bu hansı qanunun hansı tələbidir hələ də müəyyənləşmir.

Daha bir diqqətçəkən məqam isə yayılan məlumatda qeyd olunan “araşdırma”nın formasıdır. Bildirilir ki, guya aparılan araşdırma nəticəsində iki qurum arasında əlaqə olmadığı müəyyən edilib. Bu isə haqlı suallar doğurur: bu araşdırmanı kim aparıb, hansı mənbələrə əsaslanıb və hansı rəsmi sənədlərlə təsdiqlənib?

Adətən hər hansı iddia yayıldıqda, qarşı tərəf çıxış edir, əsaslandırılmış açıqlama verir, məsələnin ona aid olub-olmadığını ictimaiyyətə bəyan edir. İndiki halda isə nə “Referans Pharmaceuticals” MMC, nə də “Referans Medical Group” klinikalar şəbəkəsinin rəhbərliyi və ya aidiyyəti şəxsləri açıqlama vermir. Əvəzində isə anonim mənbələrə əsaslanan məlumat yayılır.

Elə isə suallar hələ də açıq qalır - “Referans Pharmaceuticals” MMC və “Referans Medical Group” klinikalar şəbəkəsi kimlərindir? Onların rəsmi sahibləri və direktorları kimlərdir?

"“Referans”ın dövlət qurumları ilə dərman biznesii" adlı məqalədə səsləndirilən fakt və iddialara nə üçün sözügedən şirkətlər tərəfindən aydınlıq gətirilmir? Əgər yayılan məlumat “aid olmayan iddialar”dırsa, bunu əsaslandırılmış şəkildə təkzib etmək əvəzinə, niyə sadəcə araşdırma məqaləsi silinir?

Bəlkə bu təkzib xarakterli məlumatı yayan media qurumları eyni həvəs və məsuliyyətlə araşdırma məqaləsində səsləndirilən faktların doğru olub-olmadığını da araşdırsın? Təəssüf ki, bu gün Azərbaycan mediası böyük şirkətlərin əsirinə çevrilməkdədir. “Reklam” adı altında ayrılan iri vəsaitlər bir çox hallarda ciddi problemlərin, iddiaların və faktların mediadan istifadə edilərək ört-basdır olunmasına xidmət edir.

Beləliklə, böyük imkanlara malik “Referans Pharmaceuticals” MMC və “Referans Medical Group” klinikalar şəbəkəsi kimindir və nə üçün onların rəsmi internet resurslarında təsisçilər, rəhbərlik və idarəedici şəxslər haqqında açıq məlumatlar mövcud deyil?

Qeyd edək ki, 2024-cü ildə yayılan məlumata görə, “Referans Medical Group” MMC Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun nəzarətinə keçib və hazırda klinikaları C.Qurbanovun yaxınları idarə edirlər.  

Nizamnamə kapitalı 100 manat olan “Referans Medical Group” MMC-nin qanuni təmsilçisi Elgiz Vaqif oğlu Dadaşovdur. MMC-yə Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi, Leyla Medical Center, LOR Hospital, Referans Ambulans, Referans Estetik Mərkəzi, Referans Eşitmə Mərkəzi, Referans Wellbeing Center, Tolerans Nitq və Psixologiya Mərkəzi, İkinci Nəfəs Siqaret tərgitmə Mərkəzi, 36.6 Med Referans Gəncə , Hepatoloji Mərkəz by Referans Medical Group, ALTRİX Tibbi Təlim Mərkəzi daxildir. 

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr