AZ

Deputat: “Azərbaycan bölgədə dayanıqlı sülh və əmin-amanlıq istəyir”

“Azərbaycan tərəfinin 4 erməni əsilli vətəndaşının humanitar və hüquqi əsaslar nəzərə almaqla Ermənistana təhvil verməsi bir daha ölkəmizin beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyalarına və insan hüquqlarına dair öhdəliklərə sadiq olduğunun bariz nümunəsidir”.

Bu sözləri Hit.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycanın Vaqif Xaçatryan, Gevorg Sujyan, David Davtyan və Viken Eulcekcianı Ermənistana təhvil verməsi haqqında danışarkən deyib.

O bildirib ki, bu addım Azərbaycanın regionunda gərginliyin azaldılmasına və iki ölkə arasında etimadın möhkəmləndirilməsinə xidmət etdiyini göstərir:
“Eyni zamanda, apardığımız sülh gündəliyinin irəliləməsinə və bu istiqamətdə nümayiş etdirilən çox vacib, ardıcıl və məsuliyyətli siyasətin təzahürüdür. Ölkəmiz bu addımla bir daha göstərir ki, bütün humanitar hüquqa və dəyərlərə sadiqdir. Azərbaycan tarixi qələbəmizə və Ermənistanı məğlub etməsinə baxmayaraq, ilk sülh əlini uzadan ölkə olaraq o dəyərlərdən imtina etmir. Həmçinin, Ermənistan da vacib məsələlərdə analoji addımları atmalıdır”. 

Millət vəkili vurğulayıb ki, ölkəmiz humanitar məsələlərin siyasi manipulyasiya aləti olmadığını və bu istiqamətdə atılan addımları qarşılıq prinsipi əsasında qiymətləndirir:
“Azərbaycan bölgədə davamlı sülhün və hüquqa əsaslanan münasibətlərin qurulması üçün öz rasional, konstruktiv mövqeyini qoruyub saxlayır. Təbii olaraq, analoji olaraq Ermənistandan da belə addımları gözləyirik. Çünki tərəflər arasında artıq etimad mühitinin yaradılması ilə bağlı işlər gedir. Vətəndaş cəmiyyətlərinin hər iki ölkədə görüşləri, Azərbaycan üzərindən Ermənistana taxıl və yanacaq göndərilməsi kimi amillərin hər biri artıq o mühitin yaradılmasına xidmət edir”.

Deputat qeyd edib ki, bu məsələ özlüyündə bir daha iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın ilkin addımları kimi qiymətləndirilməlidir:
“Biz istəyirik ki, bölgədə dayanıqlı sülh və əmin-amanlıq olsun. Belə addımları atmalıyıq və bununla da bir daha həm Azərbaycanda, həm Ermənistanda, həm bölgəmizdə dayanıqlı sülh istədiyimizi göstərməliyik”.

Elmir Mustafa

Seçilən
2
hit.az

1Mənbələr