Tayvan Hərbi Hava Qüvvələrinin yanvarın 6-da adanın şərq sahillərində radarlardan itən "F-16V" qırıcı təyyarəsinin "qara qutu"sunun yeri müəyyənləşib.
Hafta.az "Taiwan News" nəşrinə istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin rəsmisi jurnalistlərə məlumat verib.
"Qara qutu"nun yeri dəqiq müəyyən edilib. Lakin təyyarənin uçuş məlumatlarının qeyd olunduğu cihaz yerli xilasetmə gəmiləri üçün əlçatmaz olan dərinlikdə yerləşir. Ordumuz Sinqapur və Yaponiya şirkətləri ilə əlaqə saxlayaraq, "qara qutu"nun tapılmasında onlardan köməklik alır", - deyə ordu rəsmisi bildirib.
Təyyarənin itkin düşən pilotunun taleyi isə hələ də məlum deyil.
Xatırladaq ki, "F-16V" qırıcı təyyarəsi yanvarın 6-da axşam saatlarında Hualan bölgəsi sahillərində dəniz üzərində uçarkən radarlardan itib. Təyyarə gecə təlim uçuşu həyata keçirən bir qrup qırıcıdan ayrılıb.
Qəzaya uğrayan təyyarənin pilotu qırıcı radarlardan yoxa çıxmazdan əvvəl katapult etmək niyyətini bildirib, lakin onun sonrakı taleyi məlum deyil. İtkin düşən pilotun axtarışları uğursuz olub.