AZ

Xeyirxahlığın qiyməti düşür, eqo qalxır Yeni reallıq?

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son günlər sosial mediada və şou-biznes mühitində ard-arda səslənən bəzi fikirlər cəmiyyətin həssas sinirlərinə toxundu. Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin “milyoner olsaydım da heç kəsə bir qəpik verməzdim, yaxşı insan da deyiləm” tipli açıq və sərt paylaşımı, bundan əvvəl isə Təranə Qumralın “kasıbın ağlı varsa kasıb olmaz, getsin işləsin, kasıba pul vermərəm” kimi fikirləri, üstəlik ehtiyacı olan adama veriləcək 200 manatın belə qarşısını alması müzakirə doğurdu. Bu cümlələr sadəcə fərdi mövqe deyil, sosial münasibətlərin hansı istiqamətə dəyişdiyini göstərən bir güzgüdür.

Bir tərəfdən insanlar deyir ki, hər kəs öz həyatına cavabdehdir, kiminsə kiməsə borcu yoxdur, xeyriyyə etmək məcburi sosial öhdəlik deyil. Bu yanaşma rasional səslənə bilər: “mən qazanmışam, zəhmət çəkmişəm, niyə paylaşmalıyam?” Digər tərəfdən isə bu düşüncə cəmiyyət içində həmrəylik, empatiya və bir-birinə dayaq olma kimi dəyərlərin tədricən zəiflədiyini göstərir. Xüsusilə məşhur insanların belə fikirlər səsləndirməsi təsadüfi deyil, çünki məşhur olmaq yalnız səhnədə mahnı oxumaq deyil, ictimai nüfuz daşımaq deməkdir. Onların danışığı çox vaxt tendensiyanı açır: varlı olan sərtləşir, kasıb olan isə daha da kənara itələnir.

Burada maraqlı olan təkcə “vermərəm” demək deyil. Daha ağrılı tərəf odur ki, bəzi ifadələrdə kasıb insanlara qarşı aşağılama, məsxərə və günahlandırma tonu hiss olunur. Sanki yoxsulluq yalnız tənbəlliyin nəticəsidir, sanki hər kəsin şansı, imkanı, başlanğıc nöqtəsi eyni olub. Halbuki həyat bu qədər sadə deyil. İmkanı olmayan, xəstəliyi olan, sosial mühiti zəif, ailə yükü ağır minlərlə insan var. Onların hamısını “işlə, yoxsa günah səndədir” şablonuna yerləşdirmək insafsızlıqdır.

Digər tərəfdən, bizdə xeyriyyə mövzusu çox vaxt saxta emosiyalar, nümayişkaranə yaxşılıq və sosial şəbəkə şousu ilə də qarışıb. Bəlkə də buna görə insanlar “mən yaxşı insan deyiləm” deməklə səmimilik nümayiş etdirdiyini düşünür. Amma səmimilik empatiyanı inkar etmək deyil. İnsan yaxşılıq etməyə məcbur deyil, amma bunu tənəli, ironik və barmaq silkələyən tonda demək cəmiyyətdə nifrət divarlarını qalınlaşdırır.

Əslində bu məsələ təkcə iki şəxsin bəyanatı deyil, sosial təbəqələşmənin, sərtləşən münasibətlərin, insanın insanla olan məsafəsinin böyüməsinin göstəricisidir. Kiminsə kiməsə pul verib-verməməsi müzakirə deyil, müzakirə olunan dəyərdir. Mərhəmət varmı, anlayış varmı, yoxsa hər kəs yalnız öz qalasının içində qalmağa qərar verib? Cəmiyyət yalnız qanunlarla deyil, həm də mənəvi körpülərlə yaşayır. O körpülər qırıldıqca, varlı ilə kasıb arasındakı məsafə yalnız maddi yox, mənəvi uçuruma çevrilir.

Bəlkə də ən önəmlisi budur. Heç kim heç kimə məcburi yaxşılıq etməli deyil. Amma heç kim də kasıbı təhqir etmək, aşağı salmaq, “sən özün günahkarsan” deyib məsuliyyəti yalnız onun boynuna yükləmək haqqına sahib deyil. Mədəni cəmiyyət yalnız sosial təminatla deyil, insan münasibətlərinin tonu ilə də ölçülür. Bu ton isə son günlər bir az kobudlaşıb. Bəlkə dayanıb bir sual verək ki, biz sərt cəmiyyət olmaq istəyirik, yoxsa bir az daha insan qalan cəmiyyət?

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
bizimyol.info

1Mənbələr