“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın XII məqsədi üzrə “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilib. Qeyd edilən məqsəd üzrə Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişaf etdirilməsi üçün istiqamətlər - azad edilmiş ərazilərdə strateji çərçivənin müəyyənləşdirilməsi, institusional inkişaf, turizm destinasiyalarının inkişafı, turistlər üçün zəruri infrastruktur layihələrinin icrası, turizm məhsullarının inkişafı, turizm və rekreasiya zonalarının formalaşdırılması, turizm əhəmiyyətli tədbirlərin keçirilməsi, marketinq və kommunikasiya tədbirlərinin həyata keçirilməsi əsas istiqamətlərdir.Bütövlükdə bölgənin iqtisadi rayonları üzrə turistik ərazilərin potensialı qiymətləndirilib və burada diqqət çəkən resurslar üzərində konsepsiyalar hazırlanıb, turizm və rekreasiya zonalarının yaradılması ilə bağlı təkliflər təqdim edilib”.Agentlikdən bildirilib ki, Daşaltı və Tuğ kəndləri, Hadrut və Suqovuşan qəsəbələrinin və Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb, azad edilmiş ərazilərin mədəni irsi araşdırılaraq mədəni turizm yönümlü inkişafı qiymətləndirilib:
“Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunan ərazilərdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər çərçivəsində 2023-cü ilin oktyabrında Suqovuşan qəsəbəsində su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Dövlət Turizm Agentliyi tərəfindən Füzuli rayonundan başlayaraq “Zəfər Yolu” turizm marşrutu üzrə səfər proqramı hazırlanıb. Dövlət Turizm Agentliyinin tabeliyində “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılmasını, Qarabağ Regional Turizm İdarəsinin formalaşdırılmasını institusional çərçivədə bölgənin turizm imkanlarının səmərəli istifadəsi üzrə əhəmiyyətli tədbirlərdən hesab etmək olar.”Bu istiqamətdə atılan əsas addımlardan biri Qarabağda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsidir. Agentlikdən bildirilib ki, eyni zamanda onlayn platformalar üzərindən Qarabağın turizm potensialının tanıdılması məqsədilə genişmiqyaslı marketinq və kommunikasiya tədbirləri həyata keçirilir və region beynəlxalq auditoriyaya aktiv şəkildə təqdim olunur.“Qarabağın turizm potensialının tanıdılması işinə dəstək vermək üçün burada Dövlət Turizm Agentliyi tərəfindən bir sıra beynəlxalq tədbirlər təşkil olunur. Məsələn, 2022-ci ilə Şuşada keçirilən I Beynəlxalq Kulinariya festivalı, 2023-cü ildə Ağdamda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda I elmi-praktiki konfrans, “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans, Şuşa şəhərində təşkil olunan beynəlxalq qastronomiya gününü, həmçinin “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfransı nümunə gətirə bilərik. Bu kimi tədbirlər həm də bölgənin gələcəkdə işgüzar turizm imkanlarını tanıdılması işinə töhfədir”.Bölgənin turizm perspektivi imkanları barədə suala cavab olaraq vurğulanıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları müxtəlif turizm növlərinin inkişafı baxımından geniş imkanlara malikdir:
“Bölgədə, xüsusilə ekoturizm və mədəni turizmin inkişafı üçün geniş potensial mövcuddur. Şuşa şəhəri zəngin tarixi-mədəni irsi və memarlıq abidələri ilə mədəni turizmin əsas mərkəzlərindən biri kimi çıxış edir. Ağdərə və ətraf ərazilər isə sıx meşə örtüyü, dağlıq relyefi və təbii landşaftı ilə təbiət turizmi və ekoturizmin inkişafı üçün əlverişli şəraitə malikdir.Həmçinin Ağdam və Füzuli rayonlarında mövcud olan bağçılıq və kənd təsərrüfatı potensialı aqroturizmin inkişafı üçün mühüm imkanlar yaradır. Bu istiqamət regionun iqtisadi canlanmasını və əhalinin məşğulluğunun artırılmasını dəstəkləyə bilər”.Kəlbəcər rayonu zəngin təbii resursları, dağlıq relyefi və müalicəvi suları ilə Azərbaycanın ən yüksək turizm potensialına malik bölgələrindən biridir. Qeyd olunub ki, rayonun əsas üstünlüklərinə İstisu mineral suları, alp çəmənlikləri, sıx meşə örtüyü, yüksək dağ gölləri və əlverişli iqlim şəraiti daxildir:
“Kəlbəcərin təbi resursları ekoturizm, sağlamlıq turizmi, dağ turizmi, yürüş və macəra turizmi üçün geniş imkanlar yaradır. Eyni zamanda qədim alban məbədləri və tarixi abidələr mədəni-tarixi turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Turizm Agentliyi tərəfindən 2023-cü ildə Kəlbəcər rayonunun turizm potensialını özündə əks etdirən Kəlbəcər Turizm İnkişaf Konsepsiyası hazırlanıb.
Laçın rayonu da özünəməxsus təbiətə, əlverişli coğrafi mövqeyə, zəngin biomüxtəlifliyə və turizm resurslarına sahib rayonlarımızdan hesab olunur. Rayonun xüsusi seçilən kəndlərindən biri Minkənd özünün mineral bulağı və termal-mineral suyu ilə fərqlənir. Həkəri çayının rayonun ərazisindən axması ətrafında aktiv turizm fəaliyyət növünün inkişafı üçün geniş imkanlar yaradır. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində rayonda bir sıra infrastruktur işləri həyata keçirilir və bu işlərin icrası qarşıdakı bir neçə il ərazində davam edəcək. Laçın rayonunun turizm potensialı ilə bağlı Dövlət Turizm Agentliyi tərəfindən 2025-ci ildə turizm inkişaf konsepsiyası hazırlanıb”.