AZ

Məşhur azərbaycanlı iş adamının restoranı sökülür

Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus “Yardı Superbar” restoran kompleksinin sökülməsi ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minib. Bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Məlumata görə, 19-cu Arbitraj Apelyasiya Məhkəməsi Voronej Vilayət Arbitraj Məhkəməsinin qərarını qüvvədə saxlayıb və şəhər meriyasının iddiasını təmin edib. Məhkəmə obyektin “icazəsiz tikinti” olduğunu tanıyıb. Qərara əsasən, sahibkar restoran kompleksini öz hesabına sökməli, həmçinin təxminən 125 min rubl məbləğində məhkəmə xərclərini ödəməlidir.
Restoran kompleksi Yeniseyevskaya küçəsi boyunca yerləşir və ümumi sahəsi təxminən 1700 kvadratmetr olan bir neçə ikimərtəbəli binadan ibarətdir. İş materiallarında qeyd olunur ki, sözügedən ərazi Voronejin arxeoloji irs statusuna malik “mədəni təbəqəsinin sərhədləri daxilində” yerləşir.
Məhkəmə qərarında vurğulanıb ki, Yusif Xəlilov tikintinin qanuniliyini təsdiqləyən sübutlar təqdim etməyib. İddiaçı tərəfin bildirdiyinə görə, obyektin bir hissəsi ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda inşa edilib və müvafiq icazə olmadan şəhər kanalizasiya sisteminə qoşulub.
Eyni zamanda, məhkəmə sahibkarın əmlak üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı qarşılıqlı iddiasını da rədd edib. Qərardan bir ay ərzində növbəti instansiyaya şikayət verilə biləcəyi bildirilir.
Xatırladaq ki, 2025-ci il iyulun 1-də xüsusi təyinatlılar Yusif Xəlilovun evində axtarış aparıblar və o, sonradan azadlığa buraxılıb. Həmin ilin 16 avqustunda isə iş adamı rüşvət şübhəsi ilə yenidən həbs edilsə də, bir müddət sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Yusif Xəlilov Voronejin ən böyük pərakəndə satış obyektlərindən biri olan Alekseevski bazarının həmtəsisçilərindən biridir.

Seçilən
10
veteninfo.az

1Mənbələr