AZ

Təsadüfi döngə azərbaycanlı alimin ICE tərəfindən saxlanılmasına səbəb olub

Tramp administrasiyası kütləvi deportasiya proqramının yalnız “ən təhlükəli şəxsləri” hədəf aldığını bildirir.  Lakin reallıqda immiqrantlara qarşı aparılan sərt tədbirlər genişmiqyaslı “tor” xarakteri daşıyır və bu dəfə Buffalo Universitetinin (UB) tanınmış neyroelm tədqiqatçısını da əhatə edib. Bu barədə İnvestigative post dərgisi yazıb. 

Azərbaycan əsilli Şövqi Hüseynovun heç bir cinayət keçmişi yoxdur və ona 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası mövcuddur. Buna baxmayaraq, yanvarın 7-də Hüseynov səhvən Peace Bridge istiqamətinə dönüb və Buffaloya qayıdarkən sərhəd agentləri tərəfindən saxlanılıb.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin sözçüsü bildirib ki, agentlər “onun ABŞ-dan çıxarılmasına əsas ola biləcək hallar müəyyən ediblər” və Hüseynov ICE-ə təhvil verilib. Saxlanmanın konkret səbəbi açıqlanmayıb.

Hüseynov son bir həftədir Bataviadakı saxlanma mərkəzindədir.

UB sözçüsü Con Della Kontradanın sözlərinə görə, Hüseynov 2022-ci ildən etibarən Daxili Təhlükəsizlik Departamenti tərəfindən təsdiqlənmiş iş icazəsi əsasında Jacobs Tibb və Biotibbi Elmlər Məktəbində tədqiqatçı kimi çalışıb. ICE sözçüsü bildirib ki, Hüseynov universitet tələbələri və tədqiqatçılara verilən J-1 vizası ilə ölkəyə daxil olub və onun başqa viza və ya hüquqi statusla bağlı müraciəti baxılma mərhələsindədir.

ICE nümayəndəsi açıqlamasında Hüseynovun guya qanuni statusunun olmadığını iddia edib və qurumun onun deportasiyası üçün addımlar atdığını bildirib.

Hüseynov tək deyil. Son bir ildə Buffalo ərazisində Kanadaya gedən körpülərdən birində səhv dönmə səbəbilə azı beş nəfər saxlanılıb. Lakin bu rəqəm yalnız əvvəllər deportasiya edildikləri üçün yenidən cinayət məsuliyyətinə cəlb olunan şəxsləri əhatə edir. Hüseynov kimi səhv dönməyə görə saxlanılan, lakin cinayət işi açılmayanların sayı daha çoxdur.

“Justice for Migrant Families” qeyri-kommersiya təşkilatının icraçı direktoru Cennifer Connor bildirib ki, səhv dönmədən sonra ICE tərəfindən mütəmadi saxlanmalar yeni haldır.

Onun sözlərinə görə, əvvəlki administrasiyalar dövründə bu cür səhvlər adətən yalnız gecikməyə səbəb olurdu, bəzən isə qısa saxlanma və miqrasiya hakimi qarşısına çıxmaq barədə göstəriş verilirdi.

“2025-ci ilin yanvarından sonra saxlanma qaydaya çevrildi,” —  Connor bildirib. 

Son dörd il ərzində Hüseynov Jacobs Məktəbində mürəkkəb neyroelmi tədqiqatları aparıb. O, opioid asılılığı olan siçanların beynində baş verən bioloji prosesləri öyrənərək beyinlə immun sisteminin qarşılıqlı əlaqəsini araşdırıb. Hüseynov həmkarları ilə birgə bir neçə elmi məqalə dərc edib.

Facebook paylaşımlarında o, oğlunun üzgüçülük yarışlarındakı uğurlarını qeyd edib, San Dieqoda böyük neyroelm konfransında iştirak etdiyini yazıb və milli-mədəni irsi ilə fəxr etdiyini bildirib.

“Artıq 5 ildir ABŞ-da yaşayırıq, lakin əsl azərbaycanlılar kimi milli və mənəvi dəyərlərimizi, ənənələrimizi qoruyur və uşaqlarımıza öyrədirik,” —  o martdakı paylaşımında yazıb. 

Digər paylaşımlarında Hüseynov işinə nə qədər bağlı olduğunu vurğulayıb. 2024-cü ilin dekabrında yazdığı postda tədqiqatlara və ailəsinə fokuslandığı üçün dostları ilə əlaqəsinin azaldığını qeyd edib.

“Amerikaya bir məqsədlə gəlmişəm və ilk gündən heç nə məni yolumdan döndərə bilməyib. Gündə ən azı 12–14 saat elmlə məşğul oluram. Əsl elm daim düşünməyi, araşdırma aparmağı və sahəndəki yeniliklərlə tanış olmağı tələb edir,” —  o yazıb. 

UB-də çalışan tədqiqat professoru Maykl Morales Hüseynov haqqında müsbət fikirlər səsləndirib.

“O, yaxşı alimdir, yaxşı vətəndaşdır, çox zəhmətkeşdir,” —  Morales bildirib. 

Morales əlavə edib ki, Hüseynovun həyat yoldaşı və iki azyaşlı övladı var, onlardan biri ABŞ vətəndaşıdır.

“O, problem yaradan biri deyil,” —  o bildirib. 

N.Təbrizli

Seçilən
11
anews.az

1Mənbələr