Azərbaycanda turizmin inkişafını təmin etmək və orta müddətdə turist axınını 5-6 milyon nəfərə çatdırmaq məqsədilə ilk dəfə "Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi (DTA) məlumat yayıb.
"Proqram 2026-2030-cu illəri əhatə edəcək və hazırda təsdiq mərhələsindədir. Əvvəllər turizm sahəsinin inkişafı müvafiq strateji yol xəritələri ilə tənzimlənib, lakin indiyədək belə genişmiqyaslı və mərhələli proqram hazırlanmayıb", - DTA qeyd edir.
Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olmaq üçün konkret icra mexanizmləri və fəaliyyət planı formalaşdırılıb. Proqram çərçivəsində hava məkanından istifadənin liberallaşdırılması, beynəlxalq hava əlaqələrinin genişləndirilməsinin təşviqi və gəlmə turizm məqsədilə vizasız rejimin tətbiqi əsas prioritetlər sırasında yer alır. Eyni zamanda regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının artırılması da proqramın mühüm istiqamətlərindən biridir.
Turist axınının stimullaşdırılması məqsədilə proqram çərçivəsində Azərbaycanın qastronomiya, sağlamlıq, qış və ekoturizm destinasiyası kimi tanıdılması planlaşdırılır. Yeni çimərliklərin yaradılması, Turizm və Rekreasiya Zonalarında investisiyaların artırılması və mikro, kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi də nəzərdə tutulur. Həmçinin sənaye subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi, turizm sahəsində təhlükəsizlik və keyfiyyət standartlarının gücləndirilməsi, regionlarda əsas turizm məntəqələrinin əlçatanlığının artırılması, hədəf turizm bazarlarında təbliğat və sosial media kampaniyalarının genişləndirilməsi proqramın digər vacib istiqamətlərindəndir.
Dövlət Proqramı turizm sahəsinə aid təhsil proqramlarının və müvafiq infrastrukturun inkişafını, Turizm İnformasiya Sisteminin yaradılmasını və tədqiqat layihələrinin dəstəklənməsini də əhatə edir.
Telegram kanalımız