AZ

"Şakir" MTK-nın sahibinin oğlu və qonşusunun məhkəməsi başladı

"Şakir" Mənzil Tikinti Kooperativin (MTK) sahibi Şakir Hüseynovun oğlu Tural Hüseynov və İlizbər Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

News365.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Tural Hüseynov ali təhsillidir, fərdi sahibkardır. O bildirib ki, rəhmətlik atasının işlərini davam etdirir.

Digər təqsirləndirilən İlizbər Səfərovun da ali təhsilli olduğu bildirilib. Onların hər ikisinin qonşu olduğu müəyyən edilib.
Məhkəmədə məlum olub ki, iş üzrə təqsirləndirilən şəxslər ittiham aktını alıblar, zərərçəkmiş Nurəddin Niftəliyev ittiham aktını almayıb.

Həmçinin təqsirləndirilən şəxslərdən birinin də işə buraxılması üçün orderi olmayıb.
Hakim bildirib ki, hazırkı mərhələdə iclas zərərçəkmiş şəxsin ittiham aktını almaması səbəbindən təxirə salınır.

Növbəti proses yanvarın 29-da davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddələri ilə təqsirli bilinirlər.

İş üzrə zərərçəkmiş Nurəddin Xasay oğlu Niftəliyev tanınıb. O, hüquq-mühafizə orqanlarında işləyib, hazırda yaş həddi ilə bağlı təqaüddədir.

Qeyd edək ki, Nurəddin Niftəliyev Nərimanov rayonu Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanda yerləşən mənzili almaq üçün 80 min ABŞ dolları məbləğdə pul verib. Lakin o, sonradan aldadılıb.

Bundan sonra aralarında yaranmış məsələlərə aydınlıq gətirmək üçün mübahisələri olub. 20 sentyabr 2021-ci ildə Nərimanov rayonunda yerləşən “Dostluq” kafesinin 7 saylı otağında Tural Hüseynov və İlizbar Səfərov Nurəddin Niftəliyevi döyüblər.

Seçilən
34
6
news365.az

7Mənbələr