Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən “Qurtuluş” reabilitasiya mərkəzində Ombudsman Aparatının əməkdaşları tərəfindən monitorinq keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş monitorinqin məqsədi bu mərkəzdə saxlanma şəraiti, rəftar məsələlərinin araşdırılması və reabilitasiya prosesinə cəlb edilmiş şəxslərin hüquqlarının təmini məsələlərinin öyrənilməsi olub.
Mərkəzin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma, tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək hüququ kimi məsələlərlə bağlı müəssisənin rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb.
Monitorinq zamanı mərkəzdəki yataqxana, yeməkxana, ibadət otaqları, inzibati hissə və istirahət zonalarına baxış keçirilib, reabilitasiya keçən bir neçə nəfərlə könüllü və konfidensial qaydada görüş keçirilib.
Reabilitasiya prosesi keçən şəxslərin məxfiliyinə, şəxsi həyatına hörmət prinsiplərinə riayət edilməsi məsələləri araşdırılıb, yalnız könüllü razılıq olduqda bu şəxslər barədə məlumatların ictimailəşdirilməsinin mümkünlüyü vurğulanıb.