AZ

Nurpayaz Abıtov: “Manas”la “Dədə Qorqud”un dialoqu türk yaddaşının canlı körpüsüdür

Bakı, 15 yanvar, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC müxtəlif dövlətlərdə yaşayan, lakin yaxın dillərdə danışan və ümumi mədəni kod vasitəsilə bir-birini tanıyan xalqları birləşdirən amillər barədə Türk dünyası ölkələrinin nümayəndələri ilə silsilə müsahibələri davam etdirir.

Bu dəfə müsahibimiz yazıçı, Qırğız Respublikasının “Sapat” Beynəlxalq Təhsil Müəssisəsinin təhsil sahəsi üzrə eksperti Nurpayaz Abıtov olub. O, Azərbaycanla Qırğızıstan arasındakı mədəni yaxınlıq barədə fikirlərini bölüşüb.

“Türk dünyası, ilk növbədə, şüarlardan deyil, insanlardan, dillərdən, talelərdən, ümumi çağırışlardan və oxşar ümidlərdən ibarət olan reallıqdır. Bu, xəbərlərin müxtəlif dillərdə, lakin eyni intonasiya ilə səsləndiyi məkandır”, – deyə o qeyd edib.

Söhbəti davam etdirən Nurpayaz Abıtov vurğulayıb ki, yazıçı kimi Türk dünyasını dərin yaddaş və tanış olmayan detallarda belə, tanınan daxili mənzərə kimi qəbul edir.

“Yolçu-köçəri arxetipləri, yol, itkilər və qayıdışlar, sözə və böyüklərə hörmət coğrafiyadan daha çox mədəni koddur”, — deyə müsahibimiz əlavə edib.

Onun fikrincə, ən çox hiss edilən ümumilik dildə və mentalitetdə qorunub saxlanılır. Sözlərin fərqli olmasına baxmayaraq, düşüncə məntiqi, obrazlılıq, şərəfə, ailəyə və qonağa münasibət yaxın olaraq qalır. Bu xüsusiyyətlər, xüsusilə şifahi nitqdə, atalar sözlərində, nəql intonasiyalarında, insanların keçmişi necə xatırlaması və gələcək barədə necə danışmasında aydın şəkildə özünü göstərir.

Bu gün türk ölkələrini xüsusilə birləşdirən sahələrdən danışarkən Nurpayaz Abıtov ədəbiyyatı, kinematoqrafiyanı və təhsili qeyd edib: tərcümələr, birgə festivallar, türk universitet proqramları, gənclər forumları. “Canlı körpü rolunu epos və folklor oynayır. “Manas”ın “Dədə Qorqud”la, Altay və yakut dastanları ilə dialoqu buna nümunədir. Əlbəttə ki, şəxsi təmaslar da mühümdür”, - deyə o vurğulayıb.

Müasir türk ədəbiyyatında ümumi mövzular sırasında müsahibimiz identikliyin axtarışını, ənənə ilə müasirlik arasındakı ziddiyyəti, tarixin travmalarını, miqrasiyanı, böyük dünyada insanın tənhalığını qeyd edib. Onun sözlərinə görə, tez-tez itirilmiş ev motivi səslənir – istər aul, istər köç yeri, istərsə də mənəvi vətən olsun. Əsas sual isə belə formalaşır: kökləri itirmədən özünü necə qorumaq olar?

Nurpayaz Abıtov ayrıca mühüm tarixi kəsişmə nöqtələri kimi travmatik, lakin ümumi təcrübə olan Böyük İpək Yolu dövrünü, türk xaqanlıqlarını, İslamın yayılmasını, sovet dövrünü də qeyd edib. Onun sözlərinə görə, bu kəsişmələr təkcə fakt kimi deyil, düşüncəyə və mədəniyyətə təsir göstərən kollektiv yaddaş kimi də əhəmiyyət daşıyır.

“Ümumi motivlər süjetlərdə də nəzərə çarpır: yetim qəhrəman, oğlun atanı tanınma yolu, faciəvi məhəbbət, sözə sədaqət, hakimiyyətlə sınaq. Adlar, landşaftlar, finallar dəyişir, lakin mahiyyət qalır. Bu da göstərir ki, bizim ümumi emosional nüvəmiz və xeyir, şərəf və borc barədə oxşar təsəvvürlərimiz var”, — deyə o izah verib.

Azərbaycanla Qırğızıstan arasındakı münasibətlərə toxunan Nurpayaz Abıtov sözə, poeziyaya və musiqiyə hörmətdə, güclü şifahi ənənədə, qonaqpərvərlik və yaddaş məsələsində yaxınlığı vurğulayıb.

“Landşaftın, dağların və dənizlərin fərqli olmasına baxmayaraq, mədəniyyətin daxili ritmi bir çox cəhətdən oxşardır. Bununla belə, Qırğızıstan ən böyük yaxınlığı ümumi köçəri tarixinə, dilin, mentalitetin, yumorun yaxınlığına, çölə və yola münasibət baxımından Qazaxıstanla hiss edir. Eyni zamanda, hər bir türk ölkəsi ümumi xorun içində ayrıca bir səsdir və Türk dünyasını dəyərli edən də məhz budur”, — deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Seçilən
141
azertag.az

1Mənbələr