2026-cı il yanvarın 15-də ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Mediatorlar İcmasının nümayəndələri ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.
Newscenter.az xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun əhəmiyyətindən danışaraq, mediasiyanın mübahisələrin səmərəli, çevik və əlçatan şəkildə həllində mühüm rol oynadığını bildirib. Görüşdə mediasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin və qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd edilib, Türk Dünyası Mediatorlar Birliyi ilə əlaqələrin inkişafının bu baxımdan əhəmiyyəti vurğulanıb. Eyni zamanda Ali Məhkəmənin fəaliyyəti, ölkəmizin məhkəmə sistemindəki yeniliklər barədə qonaqlara ətraflı məlumat verilib.
Qırğız Respublikasının ədliyyə nazirinin müavini, nümayəndə heyətinin rəhbəri Orozbek Sıdıkov və Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel səmimi qəbula görə təşəkkür edərək, türk dünyası ölkələri arasında mediasiya sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıblar. Mediasiya sahəsində təcrübə mübadiləsinin və birgə əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.
Süleyman