AZ

İrandakı vəziyyət ölkə iqtisadiyyatına necə təsir edəcək?

İranda baş verən hadisələr, təbii ki, ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Azərbaycan bazarına da İrandan xeyli sayda məhsul idxal olunur. Bu baxımdan, İran məhsullarının ölkəmizə gətirilməsinin məhdudlaşdırılması ehtimalı aktual suallar doğurur. Belə bir vəziyyət Azərbaycanda qiymət artımına, yəni inflyasiyanın yüksəlməsinə səbəb ola bilərmi? İqtisadçı Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında İranda baş verən hadisələrin qlobal iqtisadiyyata struktur səviyyəli ciddi təsir göstərəcəyini gözləmədiyini bildirib. Onun sözlərinə görə, İran iqtisadiyyatı qlobal iqtisadiyyatın çox kiçik bir hissəsidir: “Ərazisi Türkiyədən böyük, resursları on dəfələrlə çox olmasına baxmayaraq, İranın ümumi daxili məhsulu Türkiyənin ÜDM-indən təxminən üç dəfə azdır. Üstəlik, sanksiyalar səbəbindən İranın qlobal iqtisadiyyatda rolu onsuz da zəifdir. Bu baxımdan, baş verən hadisələrin qlobal iqtisadiyyata təsiri, demək olar ki, yoxdur, yaxud çox aşağı səviyyədədir. Azərbaycan iqtisadiyyatına gəlincə, qlobal miqyasda az olan bu təsirin müəyyən hissəsi ölkəmiz üçün hiss oluna bilər. Bu da əsasən iki istiqamətdə özünü göstərə bilər: birincisi, Azərbaycanla İran arasında mövcud ticarət münasibətlərində Azərbaycanın ixrac etdiyi məhsullara tələbatın azalması; ikincisi isə Azərbaycanın idxal etdiyi məhsulların İranda istehsal prosesinin çətinləşməsi. Bununla belə, hazırda bu istiqamətlər üzrə konkret çətinliklərin yarandığını təsdiqləyən real faktlar mövcud deyil”. E.Əmirov qeyd edib ki, daha ümumi və qlobal səviyyəli təsir istiqaməti Şimal–Cənub dəhlizi ilə bağlıdır: “İranda yaşanan proseslər, İrana və Rusiyaya tətbiq edilən sanksiyalar, eləcə də hər iki ölkənin müharibə şəraitində olması Şimal–Cənub dəhlizinin tam potensialı ilə işləməsinə maneələr yaradır. Təbii ki, bu da Azərbaycan üçün nəzərdə tutulan tranzit gəlirlərinin ölkəyə daxil olmaması deməkdir. Əgər gələcəkdə Rusiya və İran sanksiyalardan azad olunsa, Qərblə daha yumşaq münasibətlər formalaşsa və bu ölkələr vahid, təhlükəsiz məkan kimi qəbul edilsə, Şimal–Cənub dəhlizi üzrə tranzit daşımaların həcmi kəskin şəkildə arta bilər. Bu isə həm Azərbaycan, həm də regiondakı digər ölkələrin iqtisadiyyatı üçün əlavə dividendlər deməkdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
80
metbuat.az

1Mənbələr