Qrenlandiya bu gün təkcə buzlaqların əridiyi coğrafiya deyil, böyük güclərin nüvə hesablaşmasının mümkün start nöqtəsi kimi gündəmə gəlir. ABŞ-nin bu strateji əraziyə artan marağı təsadüfi sayılmır. Bir sıra hərbi ekspertlərin fikrincə, Vaşinqton Qrenlandiyanı gələcəkdə nüvə silahları və hipersəs raketləri üçün irəli baza kimi görür. Belə olan halda, zərbələrin hədəfə çatma vaxtı saatlarla deyil, cəmi bir neçə dəqiqə ilə ölçülə bilər.
Bu isə qlobal təhlükəsizlik sisteminin faktiki olaraq iflic olması, yeni və daha təhlükəli silahlanma yarışının başlanması deməkdir. Qrenlandiya ətrafında gedən səssiz mübarizə dünya üçün açıq təhlükə siqnalıdır.
Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a deyib ki, ABŞ-ın Qrenlandiyada raket və xüsusilə hipersəs raket texnologiyalarının yerləşdirilməsi ilə bağlı planları əslində məsələnin sırf texniki deyil, böyük güclər arasında maraq toqquşmasına əsaslandığını göstərir: "Bu addımlar ABŞ-Rusiya-Çin ziddiyyətlərinin yeni coğrafi mərhələyə keçdiyini ortaya qoyur. Sözügedən ziddiyyətlər yalnız regional xarakter daşımır, əksinə, “bumeranq effekti” yaradaraq Avropanın təhlükəsizlik arxitekturasına da birbaşa təsir edir.
Qrenlandiyanın tam və ya faktiki olaraq ABŞ-ın nəzarətinə keçməsi Vaşinqtona bu ərazidə istənilən hərbi infrastrukturu, o cümlədən səsdən sürətli və hipersəs raket sistemlərini yerləşdirmək baxımından ciddi maneəsiz imkanlar yaradar. Bu isə həm Rusiya, həm də Çin üçün strateji balansın pozulması anlamına gəlir və qarşılıqlı cavab tədbirlərini qaçılmaz edir.
Bu kontekstdə raket texnologiyalarının yerləşdirilməsi təkcə hərbi üstünlük əldə etməyə deyil, siyasi təzyiq və çəkindirmə mexanizmi kimi də istifadə olunur. ABŞ üçün bu məsələ birbaşa əməliyyat ehtiyacından daha çox, qlobal güc balansında mövqelərini möhkəmləndirmək və rəqiblərinə mesaj vermək məqsədi daşıyır".