İcra hakimiyyətinin əməkdaşları Yasamaldakı böyük çinar ağaclarını kəsə bilmək üçün müxtəlif yollarla onların kökünü qurudur və bu bəhanəylə yaşıllıqları məhv edirlər.
“Eyvanımızın tuşunda uç çinar ağacı vardı. Əvvəl birini qurutdular. Quruyan kimi o ağacı “külək aşırdı”. Sonra ikincini qurutdular. Bu gün də “külək onu aşırdı”. İndilərdə gəlib doğrayıb daşıdılar. Çəkdim.
Mədənləri, doğrayanları da çəkmişəm. Deyir, yaşıllaşdırma idarəsinin işçiləriyik. İnanmadım. Yasamal Rayon İcra Hakimiyyəti, sizin adamlardır, məncə. Maraqlansanız deyin ki, “tanıdım””.
Məsələ ilə bağlı icra hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Lakin icra hakimiyyətinə etdiyimiz zənglərin heç birinə cavab verən olmadı. İH-in mövqeyini, açıqlamasını dərc etməyə hazırıq.
Qeyd edək ki, Yasamal rayonunda yaşıllıqların məhv edilməsi, səkilərin və boş ərazilərin obyekt sahiblərinə satılması uzun müddətdir ki, sakinləri narahat edir. Bununla əlaqədar dəfələrlə şikayətlər edilib və məsələ ictimailəşdirilib. Lakin problem həllini tapmır. Yasamal rayonunda yaşıllıqların məhvi, səkilərin zəbti davam edir.
Xatırladaq ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur. O, bu vəzifəni 2019-cu ildən icra edir.
***
Tribuna.az xəbər verir ki,Yasamal rayonu ərazisində ağac kəsilməsi ilə bağlı yayılan iddiaları polis araşdırıb. Ağacın güclü külək nəticəsində aşması və bu səbəbdən təhlükəsizlik məqsədilə aidiyyəti qurum tərəfindən aparılması müəyyən edilib.


