AZ

Yeni trend olan qurudulmuş dondurmalar zərərlidirmi? - Mütəxəssis rəyi

Son illərdə dondurma bazarında sublimasiya olunmuş (freeze-dried) məhsullar yeni trend kimi diqqət çəkir. Uzunömürlü olması və təbii dadını qoruması bu tip dondurmaların istehlakçılar arasında populyarlığını artırır. Mütəxəssislər bildirirlər ki, sublimasiya olunmuş dondurmalar gələcəkdə bazarda daha geniş yer tuta bilər. Bəs, bu dondurmaların hansısa zərəri varmı? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan qida mütəxəssisi Ağa Salamov bildirib ki, sublimasiya olunmuş dondurmaların insan sağlamlığı üçün heç bir zərəri yoxdur:

"Bu məhsullar Azərbaycana nisbətən yeni gəlsə də, Avropa ölkələrində, o cümlədən Almaniyada hələ 2009-cu ildən istifadə olunur. Hətta maye azotla hazırlanan desertlər də mövcuddur. Bu cür məhsullar mənfi 195 dərəcə temperaturda qurudulur və yeyildikdə insanın burun dəliklərindən tüstü çıxması müşahidə olunur. Həmin desertlər hələ ki, Azərbaycanda geniş yayılmayıb və onların da sağlamlığa ciddi zərəri yoxdur",-deyə o bildirib.

Mütəxəss qeyd edib ki, qurudulmuş dondurmaların sublimasiya prosesi adətən 18–36 saat davam edir:

"Məhsul 18 saat ərzində mənfi 25 dərəcə temperaturda dondurulur. Sağlam insanlar üçün bu tip dondurmaların zərəri yoxdur. Lakin şəkərli diabet xəstələri üçün risk yarada bilər. Çünki qurudulma prosesində məhsuldakı şəkər nisbəti artır.

Bu səbəbdən şəkərli diabeti olan şəxslər belə məhsulları qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. İstifadə zamanı doza həddinin aşması tövsiyə edilmir. Həmçinin, şəkər miqdarının yüksək olması səbəbindən uşaqlar üçün də zərərli ola bilər və dişlərdə kariyes yaranmasına gətirib çıxara bilər",- Ağa Salamov əlavə edib.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
132
missiya.az

1Mənbələr