AZ

Ədalət Abbasov: Qloballaşma və informasiya əsri dilimiz qarşısında yeni çağırışlar yaradıb

Bakı, 16 yanvar, AZƏRTAC

Qloballaşma və informasiya əsri dilimiz qarşısında yeni çağırışlar yaradıb. Müasir dünyada informasiya axını sürətlənib və bu axınla birlikdə təkcə Azərbaycan dilinə deyil, bütün dünya dillərinə çoxsaylı yad sözlər və terminlər daxil olur. Bu proses qaçılmazdır. Əks halda, müasir dünya ilə ünsiyyət qurmaq mümkün olmaz. Dil ictimai hadisədir və cəmiyyətdə baş verən dəyişikliklər dərhal onun lüğət tərkibinə təsir göstərir. Yeni hadisələr yeni anlayışlar və terminlər yaradır. Lakin problem bu sözlərin gündəlik danışıqda yersiz və həddindən artıq işlədilməsidir. Bu isə dilin saflığını zədələyir. Terminlər əsasən konkret elm və peşə sahələrində, mütəxəssis hazırlığı prosesində işlədilməlidir. Gündəlik danışıqda isə milli leksikaya üstünlük verilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, dosent Ədalət Abbasov söyləyib.

O bildirib ki, dilimizin qorunması üçün institusional addımların atılması da vacibdir. Dövlət Dil Komissiyası və digər qurumlarla yanaşı, dilin tətbiqi, tədqiqi və təkmilləşdirilməsi ilə sistemli şəkildə məşğul olacaq xüsusi Dil Agentliyinin yaradılması məqsədəuyğun olardı. Bir sıra ölkələrin təcrübəsində olduğu kimi, dil normalarının pozulmasına qarşı inzibati tədbirlərin və cərimələrin tətbiqi də mümkündür.

Dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın ruhudur. Alman filosofu Vilhelm fon Humboldtun dediyi kimi, “Xalqın dili onun ruhudur”. Azərbaycan dili isə qədim və zəngin dillərdən biridir. Onun saflığını qorumaq hər bir vətəndaşın borcudur”, - Ədalət Abbasov deyib.

Seçilən
139
azertag.az

1Mənbələr