AZ

İqtisadçı: Qərb Sənaye Parkının yaradılması Prezidentin bölgəyə diqqətinin bariz göstəricisidir

Gəncə, 16 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Qloballaşma şəraitində iqtisadi rəqabət qabiliyyətinin artırılması, investisiyaların cəlb edilməsi və istehsalın səmərəliliyinin yüksəldilməsi məqsədilə sənaye parklarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında da son illərdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və regionların sosial-iqtisadi yüksəlişi məqsədilə sənaye parklarının yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kafedra müdiri, iqtisadçı Məhərrəm Hüseynov Prezident İlham Əliyevin ötən gün imzaladığı “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərmanın əhəmiyyətini şərh edərkən bildirib.

O qeyd edib ki, sənaye parkı infrastruktur təminatı, vergi və gömrük güzəştləri, istehsalın səmərəliliyinin artması, məşğulluğun artırılması və regional inkişafı dəstəkləyir: “Hazırda ölkəmizdə 9 sənaye parkı fəaliyyət göstərir. Azərbaycanda sənaye parkları əsasən sənayeləşmə, məşğulluğun artırılması və qeyri-neft sektorunun inkişafı məqsədi daşıyır. Belə ki, 2015-ci ildən 2025-ci ilə qədər sənaye zonalarında, ümumilikdə, 15,4 milyard manatlıq məhsul istehsal edilib, bunun 4,9 milyard manatı 70-dən çox ölkəyə ixrac edilib, həmçinin sənaye zonalarında təxminən 11 minə yaxın yeni daimi iş yeri yaradılıb. 2024-cü ildə sənaye zonalarının qeyri-neft məhsullarının istehsalında payı 17,6 faiz, ixracdakı payı isə 26 faiz olub. Bu, ölkənin ixracyönümlü istehsal potensialının artdığını göstərir və qeyri-neft sektorunun inkişafında sənaye parklarının rolunun əhəmiyyətini göstərir. Azərbaycanın qərb bölgəsində təxminən 1,3 milyondan çox əhalinin yaşadığını nəzərə alaraq Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkının yaradılması təqdirəlayiqdir. Bu, həm də Prezidentin bu bölgəyə diqqətinin bariz göstəricisidir”.

Seçilən
79
azertag.az

1Mənbələr