ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən "Azərbaycan Nəşriyyatı" MMC-nin doqquzmərtəbəli korpusunda keçirilmiş vizual texniki baxış nəticəsində binanın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya, elektrik xətlərində qüsur və zədələnmələr aşkar edilib. Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Nəşriyyatı" MMC-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:
"Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə, icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq 01.02.2026-cı il tarixindən binanın istismarının dayandırılması haqda qərar verilib".
Bildirilib ki, burada söhbət yalnız doqquzmərtəbəli binanın təmirindən gedir:
"Azərbaycan Nəşriyyatı" MMC fəaliyyətini davam etdirəcək. Təmir müddəti görüləcək işlərin dəqiq həcmi, layihə-smeta sənədlərinin hazırlanması və maliyyələşmə prosesindən asılı olaraq müəyyən ediləcək. Əsaslı təmir başa çatdıqdan sonra bina yenidən istismara veriləcək.
Əslində, doqquzmərtəbəli binanın təmirlə əlaqədar boşaldılacağı redaksiyalara daha əvvəl də bildirilib. Sadəcə, o zaman bunun tarixi dəqiqləşməmişdi. İndi isə konkret qərar qəbul edildikdən sonra redaksiyalar rəsmən xəbərdar edilir. Onlar ofislərdən istifadə müqavilələrinə xitam verildiyi tarixdən - 31 yanvar 2026-cı ildən etibarən tutduqları sahələri mümkün qədər qısa müddətdə boşaltmalıdırlar".
Məhərrəm Əliyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.